News
Photo
“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb
Feb 16, 2018 | 18:00 / Important events
Read 7220 time (-s)

Fevralın 16-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək şagirdlərin elmi yaradıcılığına həsr olunan “Sabahın alimləri” VII Respublika Müsabiqəsinə marağın ilbəil artdığını, iştirakçıların coğrafiyasının genişləndiyini, həmçinin bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu diqqətə çatdırıb. 

7 il ərzində müsabiqənin uğur qazandığını vurğulayan Ceyhun Bayramov bildirib ki, müsabiqədə ümumilikdə 1187 nəfər iştirak edib, onlardan 549 nəfəri qızlar, 638 nəfəri isə oğlanlar olub. Şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilib və müəyyənləşdirilib ki, tədqiqatla məşğul olan şagirdlər təhsildə də böyük uğurlar qazanır, yüksək balla ölkəmizin ali təhsil müəssisələrinə və dünyanın tanınmış universitetlərinə qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər. 

Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub.

Mərasimdə 8 nominasiya üzrə seçilən qaliblər təltif olunduqdan sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək layihə müəlliflərinin adları açıqlanıb. Fizika, astronomiya bölməsi üzrə Əliağa Abdullayev, Adnan Bunyatov, biologiya üzrə Fidan İbrahimova, ekologiya və ətraf mühitin idarə olunması üzrə Məhəmməd Hacıyev, kompüter elmləri üzrə Ceyla Hüseynzadə, Cavid Hüseynzadə ən yaxşı layihə müəllifləri olaraq seçiliblər. 

Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. 

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və  XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 təşkil edir.

“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib.

Hazırda ümumtəhsil məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

JOURNALS
Useful links