News
Photo
AMEA-da elmi jurnalistikanın inkişafı və bu sahədə mövcud problemlər müzakirə edildi
Nov 30, 2017 | 16:00 / Conferences, assemblies
Read 7098 time (-s)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. AMEA-nın Əsas binasının kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub.

Məqsəd elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsi, elmi-populyar üslubda məqalələrin hazırlanması, elmin KİV-də təbliği sahəsində mövcud problemləri, onların həlli yollarını müzakirə etmək idi.

Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev ötən il AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının elmi jurnalistikanın inkişafı istiqamətində atılmış mühüm addımlardan olduğunu bildirib. Z.Fərzəliyev bu qərarın akademiyada müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib: “Azərbaycan elminin təbliğində onlar da populyarizator-alimlərlə birgə mühüm rol oynayırlar”.

İdarə rəisi AMEA-nın “Elm” qəzeti, www.elm.gov.az veb-portalı və Elm TV İnternet-televiziyasının fəaliyyətinə də toxunub. Elmi biliklərin, alimlərin elmi tədqiqatlarının geniş təbliğində bu mətbu orqan və e-medianın vacib rol oynadığını bildirərək, elmi müəssisə və təşkilatları digər kütləvi informasiya vasitələri ilə də daha sıx əlaqələrin qurulması və Azərbaycan elminin yüksək səviyyədə təbliği üçün bütün qüvvələrini səfərbər etməyə çağırıb.

İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva elmin, əldə olunan nailiyyətlərin təbliğində vacib şərtlərdən olan məqalələrin elmi-populyar üslubda hazırlanması sahəsindəki mövcud problemlərdən söz açıb. Ü.Rzayeva bildirib ki, məqaləni elmi-populyar üslubda hazırlamadan onun populyarlaşdırılmasına, geniş oxucu auditoriyası toplamasına nail olmaq mümkün deyil. O, elmi-populyar məqalələrin həm keyfiyyət, həm də kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını da qeyd edib: “İnstitutlarda aparılan tədqiqatlardan, əldə olunan uğurlu nəticələrdən ilk olaraq ictimaiyyətlə əlaqələr şöbələrində çalışan elmi jurnalistlər məlumatlı olur. Bu materialları operativ olaraq hazırlamaq və KİV-də təbliğ etmək başlıca vəzifələrdəndir. Elmi fəaliyyətin, nailiyyətlərin vüsət alması üçün daha yüksək fəallıq nümayiş etdirmək lazımdır”.  

Bu sahədə peşəkar kadr hazırlığı məsələlərinə də toxunan Ü.Rzayeva bu gün həm də yeni nəsil elmi jurnalistlərin yetişməkdə olduğunu vurğulayaraq problemin həllində bu amilin də nəzərə alınmasının vacibliyini bildirib: “Onlara dəstək olmaq, təcrübə ilə bölüşmək lazımdır. Hər institutda elmin populyarlaşdırılması sahəsində təcrübəsi olan alimlərimiz vardır, bu işdə onların da praktikasından yararlanmaq lazımdır”.

Rəis müavini elmi-populyar üslubda hazırlanan bütün materialların vahid informasiya resursunda toplanmasının məqsədəuyğunluğunu da ifadə edərək onlayn olaraq Elmi Jurnalistlər Klubunun - www.ejk.az adlı veb-saytının yaradılması təklifi ilə çıxış edib. Saytda yalnız AMEA üzrə deyil, həm də respublika üzrə elmi-populyar üslubda yazıb-yaradan müxbirlərin materiallarının yerləşdirilməsinin elmi jurnalistikanın inkişafı sahəsində görülən işlərin monitorinqinin aparılması, mövcud vəziyyətin qiymətləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Ü.Rzayeva, həmçinin populyarizator-alimlərlə görüşlərin, təlim və müsabiqələrin təşkili, bir sözlə, elmi-populyar jurnalistikanın inkişaf etdirilməsinə xidmət edən tədbirlərin həyata keçirilməsinin idarənin qarşısında duran vəzifələrdən olduğunu bildirib.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov respublikamızda elmi-populyar ədəbiyyatın inkişaf etdirilməsi və təbliği sahəsində mövcud problemlərə toxunub. Elmi-populyar kitab və jurnalların nəşrinin önəmliyini qeyd edən S.Qəhrəmanov Azərbaycanda elmi-populyar ədəbiyyatı inkişaf etdirə biləcək yazar, naşir və jurnalistlərin sayca azlıq təşkil etdiyini bildirib. Şöbə rəisi problemlərin aradan qaldırılması üçün müvafiq kursların, təlimlərin təşkilinin vacibliyini vurğulayıb. O, həmçinin ən yaxşı elmi-populyar məqalələrdən ibarət toplunun nəşri, “Elm və uşaq” elmi-populyar jurnalının təsisi kimi təkliflər də irəli sürüb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun  İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rasim Mahmudov çıxış edərək elmi jurnalistika sahəsində dünya təcrübəsi, mövcud problemlər və inkişaf perspektivlərinə dair təkliflərini səsləndirib. Azərbaycanda elmi jurnalistika ilə bağlı kadr hazırlığı problemlərinə toxunaraq bildirib ki, bu sahənin inkişafı həm də ölkənin müvafiq ali məktəblərinin jurnalistika fakültələrinin fəaliyyətindən asılıdır. Məruzəçi elmin populyarlaşdırılması işinə jurnalistlərlə yanaşı, alimlərin də cəlb olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, elmin populyarlaşdırılmasında televiziyaların daha geniş imkana malik olduğunu qeyd edərək, son zamanlar AMEA-da bu imkandan səmərəli istifadə edilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Müşavirədə AMEA İqtisadiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Mahir ZeynalovGeologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov, Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov, Folklor İnstitutunda ictimaiyyətlə əlaqələrə məsul şəxs Elçin İmaməliyev, Elm Tarixi İnstitutunda ictimaiyyətlə əlaqələrə məsul şəxs Cavidan Qasımlı və digərləri çıxış edərək görülən işlər haqqında məlumat veriblər.

Sonra elmin KİV-də təbliği, akademiya institutlarının veb-saytlarının informasiya təminatı və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. AMEA-nın elm.gov.az portalında hər bir institut və təşkilatın veb-səhifəsinin informasiya təminatı üzrə müvafiq tapşırıqlar verilib. Hər ilin birinci rübündə ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri tərəfindən illik hesabatların verilməsi qərara alınıb.

İclasda institutumuzun İctimai əlaqələr üzrə əməkdaşı İsmayılzadə Elza məsul şəxs kimi iştirak etmişdir.

JOURNALS
Useful links