News
Photo
Bakıda akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir
Nov 16, 2017 | 14:00 / Conferences, assemblies
Read 7324 time (-s)

Noyabrın 16-da Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, bu ali təhsil ocağının analitik kimya kafedrasının professoru, ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunan “Koordinasion birləşmələr kimyası: analitik kimyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini bu universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşdüyünü bildirib. Akademik Rəfiqə Əliyevanın həyat və fəaliyyətinin bəzi məqamlarına toxunan rektor deyib ki, alim kimya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. Yarım əsrdən artıq elmi və pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənləşməsinə həsr olunub. Rəfiqə Əliyevanın ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Onun rəhbərliyi ilə analitik kimyanın nəzəri və tətbiqi məsələlərinə həsr olunmuş iki doktorluq və iyirmi namizədlik dissertasiyası müdafiə edilib. Akademik Rəfiqə Əliyeva 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir. Onun rəhbərliyi ilə Moskva Dövlət Universitetinin analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” 2 cilddə və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantların inkişafında mühüm rol oynayıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, akademik Valeri Lunin, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Rusiya Elmlər Akademiyasının prezidiumunun üzvü, akademik Aslan Çeladze, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva məruzələrlə çıxış edərək Rəfiqə Əliyevanın yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etdiyini, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaratdığını diqqətə çatdırıblar.

Məruzələr dinlənildikdən sonra bölmə iclasları başlayıb. Beş bölmə iclasında 11 ölkədən gəlmiş iştirakçılar tərəfindən 182 elmi məruzə dinləniləcək.

JOURNALS
Useful links