Sep 19, 2017 | 12:39 / Conferences, assemblies
Sentyabrın 19-da saat 11-də Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutunun direktoru, akademik Dilqəm Tağıyev açdı. O, Moskva Dövlət Universiteti ilə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu arasındakı əlaqələrdən danışaraq bildirdi ki, professor Şevelkov Andrey Vladimiroviçin Bakıya dəvət olunmasında məqsəd "Qeyri-üzvi sintez və materialşünaslıq" sahəsində elmi əlaqələrin daha da inkişaf etdirilməsi, bu sahədə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə etməkdir. Akademik qeyd etdi ki, professor Şevelkov qeyri-üzvi kimya sahəsində dünyada tanınmış alimlərdən biridir və o, Moskva Dövlət Universitetinin “Qeyri-üzvi kimya” kafedrasının müdiri olmaqla yanaşı, həm də “Qeyri-üzvi sintez” laboratoriyasının müdiridir.
Sonra Moskva Dövlət Universitetinin “Qeyri-üzvi kimya” kafedrasının müdiri prof. Şevelkov Andrey Vladimiroviç “Dəmirin güclü elektron korrelyasiyalı birləşmələri: yeni dəmir dövrünə doğru” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə ətrafında geniş müzakirələr aparıldı və sonda alimə maraqlı məruzə üçün təşəkkür olundu.