News
Photo
Dövlət başçısı İlham Əliyev İƏT-in elm və texnologiya üzrə birinci Sammitində çıxış edib
Sep 11, 2017 | 12:02 / Important events
Read 7379 time (-s)

Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.

Sammit Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib. Dövlət başçısı öz çıxışında İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirib. Azərbaycanın İƏT-in fəal üzvü olduğunu vurğulayan ölkə başçısı son bir neçə ildə Azərbaycanda bu təşkilata üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşünün keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəlrini verəcək.

Tədbirdə, həmçinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və digər xarici ölkə rəsmiləri çıxış edərək Sammitdə müzakirə olunan mövzuların cəmiyyətin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildiriblər.

Qeyd olunub ki, elm və texnologiyanın inkişafı ölkələrimizin rifahı ilə yanaşı, qlobal iqtisadiyyatın da tərəqqisinə böyük töhfə verə bilər. Bu baxımdan mühüm kəşflərin və nailiyyətlərin dəstəklənməsində beynəlxalq əməkdaşlığın rolu olduqca vacibdir.

Tədbirdə İslam dünyasının elmi və texnoloji inkişafı üçün siyasi dəstək prosesinin başlanmasını nəzərdə tutan Astana Bəyannaməsi qəbul edilib.

Sammit çərçivəsində “Davamlı inkişafda elm və texnologiyaların rolu”, “Müasir iqtisadiyyatda rəqabət və innovasiyalar”, “Elm və texnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzularında sessiyalar keçiriləcək, elm, təhsil, texnologiya sahələrində inkişaf məsələlərinə dair müzakirələr aparılacaq.

Qeyd edək ki, 2 gün davam edəcək İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti təmsil olunur.

Sammitdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə də iştirak edir.

JOURNALS
Useful links