News
Photo
AMEA-da Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər planı hazırlanır
Nov 23, 2022 | 09:50 / Conferences, assemblies
Read 1493 time (-s)

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Akademiyanın elmi müəssisə və təşkilatlarının baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli Sərəncamının icrası barədə olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmiz Vətən müharibəsində tarixi Zəfərə Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, davamlı peşəkar siyasəti, qətiyyəti nəticəsində və qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində nail oldu. Akademik qeyd edib ki, bu, müstəqil Azərbaycan tarixinin ən parlaq dövrlərindən biridir və cənab Prezident İlham Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixi hadisədir.

Müharibənin bitməsilə ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlanıldığını deyən akademik İsa Həbibbəyli qısa müddət ərzində Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının açıldığını, yüksək standartlara cavab verən “Zəfər yolu”nun, tünellərin çəkildiyini, şəhərlərin, rayon mərkəzlərinin baş planlarının təsdiqləndiyini, Ağalı kəndinin sakinlərinin öz dədə-baba yurdlarına köçürüldüyünü, sosial obyektlərin istifadəyə verildiyini, sənaye parklarının salındığını bildirib. Qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir və müstəqil Azərbaycan tarixinə Qarabağın yenidən qurulmasına dair İlham Əliyev proqramı kimi daxil olub. Ölkə başçısı tərəfindən bu günə kimi bir çox dövlət proqramlarının uğurla icra olunduğunu deyən AMEA rəhbəri Böyük Qayıdışa dair I Dövlət Proqramının da cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyədə həyata keçiriləcəyini söyləyib.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, elmi cəhətdən də əsaslandırılmış mükəmməl sənəd olan Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Qeyd edib ki, Dövlət Proqramının 2.4.5-ci “Nüfuzlu xarici təhsil müəssisəsinin filialının yaradılması istiqamətində təşviqedici tədbirlərin görülməsi” üzrə bəndində Akademiyaya Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birgə müvafiq tapşırıqlar verilib. Onun sözlərinə görə, tapşırıqda regionun sosial-iqtisadi ehtiyaclarının və kadr potensialının təhlil olunması və müvafiq təkliflər hazırlanması, filialı yaradılacaq ali təhsil müəssisəsinin müəyyənləşdirilməsi, filialın yaradılması və fəaliyyətinin təmin edilməsi əksini tapıb.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsinin də qarşıda duran əsas vəzifələrdən olduğunu deyən akademik İsa Həbibbəyli sözügedən sənədin, həmçinin 2.7.4-cü bəndində Akademiyaya “Tarix və mədəniyyət abidələrində, eləcə də daşınmaz tarix-mədəniyyət abidələrində bərpa, konservasiya, rekonstruksiya və regenerasiya işlərinin aparılması”nın da tapşırıldığını bildirib. Diqqətə çatdırıb ki, bu istiqamətdə işlər AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AR Dövlət Turizm Agentliyi ilə birgə həyata keçiriləcək. Onun sözlərinə görə, birgə işlər abidələrin ilkin inventarlaşdırılması, cari vəziyyətinin təhlili, foto, video və 3D formatında qeydə alınması və məlumat bazasının yaradılması, abidələrin tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi, eləcə də abidələrin bərpa edilməsi və elektron məlumat bazasının yaradılması istiqamətində aparılacaq.

AMEA rəhbəri, o cümlədən seysmologiya istiqamətində də müvafiq addımların atılacağını deyib, Dövlət Proqramından irəli gələrək institutların baş direktorlarına elmi və iqtisadi cəhətdən əsaslandırılmış təkliflərin hazırlanması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli strateji əhəmiyyət daşıyan və milli maraqlarımızın qorunmasına xidmət edən Dövlət Proqramının həyata keçirilməsində AMEA-nın çoxminlik kollektivinin öz səylərini əsirgəməyəcəyini və Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinə alimlərimizin töhfələrini verəcəklərinə əminliyini bildirib.

Sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov, Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov və Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə rəhbərlik etdikləri müəssisələrdə Qarabağla bağlı aparılan tədqiqatlar barədə məlumat veriblər.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək Tədbirlər planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

Tədbirdə müzakirəyə çıxarılan növbəti məsələ “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının 3 noyabr 2022-ci il tarixli Sərəncamının icrası barədə olub. Görkəmli oftalmoloq alim və ictimai xadim akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstəliklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən danışan akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Zərifə xanım Əliyeva gözün peşə və irsiyyət xəstəliklərinə, sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə dair fundamental tədqiqatlar apararaq bir çox insanın görməsinə işıq olub. Qeyd edib ki, akademik Zərifə Əliyeva ötən əsrdə Azərbaycanda qadın  ziyalılarının aparıcı qüvvəsi olub, hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənib və əsərləri bir çox xarici dillərə tərcümə olunaraq yeni oftalmoloq mütəxəssislərin yetişməsinə töhfə olub.

Nüfuzlu alimin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verən AMEA rəhbəri akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsində beynəlxalq konfransın keçiriləcəyini, yetişdirdiyi mütəxəssislərin tədbirə çağırılacağını, onun zəngin həyatı və yaradıcılığını əks etdirən kollektiv monoqrafiyanın hazırlanacağını, Fiziologiya İnstitutunda Zərifə xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılan laboratoriyanın maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək veriləcəyini diqqətə çatdırıb.

Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA-da akademik Zərifə Əliyevanın 100 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planının hazırlanması və həyata keçirilməsi ilə əlaqədar olaraq akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

İclasda, həmçinin elmi tədqiqat işlərinin yekun hesabatlarının gedişi vəziyyəti və qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb. Qeyd edib ki, noyabrın 11-də AMEA prezidentinin yanında özünün rəhbərliyi ilə keçirilən müşavirədə müəssisə və təşkilatlarda illik hesabatların hazırlanması zamanı bir sıra yeniliklərin və qaydaların tətbiq ediləcəyi bildirilib. AMEA rəhbəri vurğulayıb ki, Akademiyanın tabeliyində olan müəssisələrdə aparılan tədqiqatlar Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını, milli prioritetləri və Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə etməli, qeyd olunanlar yeni hesabat qaydalarında öz əksini tapmalıdır. O, şöbə və laboratoriyalarda aparılan müzakirələrdə institut rəhbərliyinin, müəssisələrin elmi şuralarında isə müvafiq bölmələrin üzvlərinin, bölmələrin ümumi hesabat iclaslarında AMEA rəhbərliyinin iştirakının zəruriliyini qeyd edib. Bunun əyani göstəricisi kimi ötən gün Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin hesabat iclasına qatıldığını deyən İsa Həbibbəyli Akademiyanın 77 illik tarixində ilk dəfə olaraq AMEA prezidentinin bir şöbənin illik hesabatının müzakirəsində iştirak etdiyini söyləyib. Bildirib ki, belə tendensiyalar genişləndirilməli, elmi nəticələri dolğun əks etdirən slaydlar, sərgilər, müqayisəli cədvəllərlə institutlarda aparılan tədqiqatlar ictimaiyyətə təqdim edilməli, sağlam elmi mühit yaratmaqla Akademiyanın əvvəlki nüfuzu bərpa olunmalıdır.

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının 28 iyul 2022-ci il tarixli Fərmanını xatırladan AMEA rəhbəri elm və təhsil arasında inteqrasiyanının genişləndirilməsinin tərəfdarı olduğunu deyib, sözügedən sənədin elmimizin gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb.

AMEA prezidenti hesabatların hazırlanması qaydasının ilkin variantının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

İclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb, 2022-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri və “AMEA-nın Məruzələri” jurnalının Redaksiya heyəti təsdiqlənib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verib və Redaksiya heyətinin yeni tərkibi təsdiq edilib.

Həmçinin akademik Cəmil Quliyevin 95, AMEA-nın müxbir üzvü Arif Abbasovun 85 və AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 60 illik yubileyləri haqqında qərarlar qəbul olunub. Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Aynurə Nəzərovanın doktorantura təhsili ilə əlaqədar Almaniyaya göndərilməsinə qərar verilib, Biofizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Zərifə Osmanlının isə Fransanın Monpelye Universitetində tədqiqat müddəti yenidən uzadılıb. Eyni zamanda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Jalə Şükürova dissertanturadan, Fizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Nüsrəddin Ömərov doktoranturadan öz xahişləri əsasında xaric ediliblər.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və “Ana dili” gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” respublika konfransına hazırlıq müzakirə olunub. Akademik İsa Həbibbəyli konfransın təşkilini yüksək qiymətləndirib və dilçi alimlərlə riyaziyyatçıların, informasiya texnologiyaları üzrə mütəxəssislərin qarşılıqlı əlaqəsinin Dördüncü Sənaye inqilabının bugünkü çağırışlarına tam cavab verdiyini söyləyib və tədbirin gələcəkdə beynəlxalq səviyyədə keçirilməsinin vacibliyini vurğulayıb.

JOURNALS
Useful links