News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib.
Sep 27, 2022 | 14:29 / Important events
Read 1798 time (-s)

27 sentyabr 2022-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatının təşkilatçılığı ilə  27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, Elmi Şura üzvləri,  Vətən müharibəsi qaziləri, gənclər  iştirak ediblər. Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev öncə tədbirdə iştirak edən Vətən müharibəsi qazilərini salamlayaraq bildirdi ki, şəhidlərimiz və qazilərimiz bizim qürur mənbəyimizdir. Akademik qeyd etdi ki,  ölkə başçısı  İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Azərbaycan xalqı bu gün şərəf dolu bir tarixin Anım Gününü qeyd edir. Əsrlər boyu xalqımızın taleyində çoxsaylı faciələr yaşanıb, zəngin qəhrəmanlıq səhifələri bir-birini əvəzləyib. 2020-ci ilin  27 sentyabrı isə müasir Azərbaycanın tarixində qürurla anılacaq bir gündür. Həmin gün başlanan savaşda Azərbaycanın igid övladları qanları, canları bahasına 30 il işğalda olan Qarabağı azad etdi, xalqımızın tapdalanan qürurunu geri qaytardı. Erməni vandallarının  xalqımıza qarşı iki əsrdən çox  həyata keçirdikləri  işğalçılıq əməllərinə 44 gün ərzində son qoyuldu.

2020-ci il sentyabrın 27-də Ermənistanın dövlətimizə qarşı  növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq ermənilərin arzusunu ürəyində qoydu. Rəhbər, ordu və xalq birliyi Vətən müharibəsində qələbəni təmin edən ən başlıca amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbələr endirdi. Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Gününün qeyd edilməsi qələbənin  müəlliflərinə olan dərin hörmət və ehtiramın nümunəsidir. Şəhidlərin hər birinin qarşısında baş əyirik, onlar sayəsində Qarabağ azad olundu və Vətənimiz bütövləşdi.

Sonra Vətən müharibəsi qaziləri- Elnur Məmmədov, Pərvin Həbibli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədr müavinləri Zakif Abbasov və  Qorxmaz Nəsirov 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin şücaətindən, dövlətin və xalqın  qazilərə qayğısından danışdılar və belə bir tədbirin keçirilməsinə görə institut rəhbərliyinə təşəkkür etdilər, şəhidlərimizə Allahdan rəhmət dilədilər. Eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədr müavini Zakif Abbasov İnstitutun əməkdaşı Vilayət Məmmədova gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, işğaldan azad olunan ərazilərdə səngərlərin bərkidilməsi işində fəal iştirakına görə təmsil etdiyi İctimai Birliyin təşəkkürnaməsini təqdim edib.

Daha sonra  tədbirdə çıxış edən professor Arif Əfəndi, gənc alim Günel Əzimova və başqaları  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun  44 günlük müharibədə göstərdiyi şücaətdən danışaraq bildirdilər ki, şəhidlərin və qazilərin  hesabına biz artıq alnıaçıq və üzüağ gəzirik, onların hesabına vətənimiz bütövləşdi. Eyni zamanda natiqlər  şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışdılar.

Sonda akademik Dilqəm Tağıyev tədbirdə iştirak edən hər bir qaziyə  44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adından Təşəkkürnamələri təqdim etdi, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzuladı.

Tədbirin sonunda qazilərlə xatirə şəkilləri çəkildi.

JOURNALS
Useful links