News
İnsan qara dəliyə düşsə, onunla nə baş verər?
Sep 13, 2022 | 11:47 / Interesting information
Read 847 time (-s)

Qara dəliklər güclü qravitasiyaya sahib çox sıx obyektlərdir. Onlar elə güclü qravitasiyaya sahibdirlər ki, hətta işıq da onların sərhədlərindən azad ola bilmir. Uzun müddət ərzində qara dəliklər özlərində çoxlu sayda sirri birləşdirən kosmik obyektlər hesab olunurdular. Lakin son illərdə alimlər onların necə çalışdıqlarını və onlarda hansı fizika qanunlarının cərəyan etdiklərini anlamağa başlayıblar. Lakin hər hansı bir insan necəsə qara dəliyə düşsə, onunla nə baş verəcək? Bu suala astrofizik Becky Smethurst cavab verməyə çalışıb. Smethurst-un sözlərinə əsasən qara dəliklər nə qaradırlar nə də dəlikdirlər. Bu obyektlər daha çox materiyanın sıx qruplaşmasına bənzəyirlər.

“Bu obyektlərin qara olduqlarını söyləmək düz deyil. Çünki onlar kainatın ən parlaq obyektlərindən biridirlər. Lakin bu halda işıqlanma qara dəliyin özündən yox, onu əhatə edən sahədən gəlir. Qara dəliyin özünə cəzb etdiyi maddə qara dəlik ətrafında hərəkət zamanı yüksək sürət yığır. Sürət yığan maddə isə öz növbəsində qızır və nəticədə optik, rentgen və ultrabənövşəyi diapazonlarda işıqlanmağa başlayır. Həmçinin sözügedən maddə radioşüalanmalar da ifraz edir” - deyə Smethurst qeyd edib.

Qara dəliklər hadisələr üfüqi adlı nöqtəyə sahibdirlər. Bu nöqtə bütün materiya üçün artıq geridönüşün mümkün olmadığı bir nöqtədir. Qara dəlik tərəfindən udulan maddə sözügedən nöqtəni keçən andan o artıq geri qayıda bilməz. Hadisələr üfüqünün o biri tərəfində isə sinqulyarlıq yerləşir. Sinqulyarlıq qara dəliyin kütləsinin böyük hissəsinin yerləşdiyi anlaşılmaz nöqtədir. “Əgər insan necəsə qara dəliyə düşsə, onun bədəni spagettiləşmə prosesinə məruz qalacaq. Bu o deməkdir ki, insan qara dəliyə yaxınlaşdıqca onun bədəni spagetti kimi uzanacaq” - deyə Smethurst qeyd edib. Astrofizikin sözlərinə əsasən hadisələr üfüqünü keçən şəxsin hiss və müşahidə edəcəkləri bu prosesi qara dəlikdən təhlükəsiz məsafədə izləyəcək şəxsin görəcəklərindən tamamilə fərqlənəcək.

Astrofizik qeyd edib ki, qara dəliyə düşəcək şəxsin hadisələr üfüqünün o tayında nələr görə biləcəyini söyləmək mümkün deyil. Ola bilər ki, bu, inanılmaz dərəcədə parlaq işıq və ya tam qaranlıq olsun. Həmin şəxsin görəcəyi həmçinin materiyanın tamamilə fərqli forması da ola bilər. “Mənə elə gəlir ki, həmin şəxs fəza-zamanda donub qalacaq” - deyə alim əlavə edib. Lakin qara dəliyə düşəcək şəxsin hadisələr üfüqündən keçmə ilə bədənin spagettiləşmə prosesi arasındakı zaman düşünüldüyü kimi heç də qısa olmaya bilər. Qara dəliyin ölçüsündən asılı olaraq hadisələr üfüqi ilə sinqulyarlıq arasındakı məsafə inanılmaz dərəcədə böyük ola bilər.

“Məsələn TON 618 adlı ən böyük qara dəlik Günəşin kütləsindən 66 milyard dəfə daha böyük kütləyə sahibdir və onun diametri Günəş ilə Neptun arasındakı məsafəni 40 dəfə üstələyir. Yəni onun diametri təqribi olaraq 180 milyard km təşkil edir” - deyə Smethurst qeyd edib. Astrofizikin sözlərinə əsasən ola bilər ki, qara dəliyin daxilində insan bütün ömrünü başa vursun. “Qara dəlik daxilində insanın zaman anlayışının necə dəyişdiyini müşahidə etmək maraqlı olardı. Belə ki, siz hadisələr üfüqünü keçən andan artıq fəza üzrə istiqamətlənmə gələcəyə doğru olacaq. Keçmiş artıq olmayacaq. Çünki siz geri qayıda bilməyəcəksiniz” - deyə alim əlavə edib. 

JOURNALS
Useful links