News
PhotoVideo
AMEA-da görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan musiqili lektoriya keçirilib
Jan 10, 2017 | 12:50 / Important events
Read 7861 time (-s)

Bu gün AMEA-da bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində “Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda musiqili lektoriya təşkil olundu.

Lektoriyada tanınmış mədəniyyət və incəsənət xadimləri, elm adamları və KİV nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva görkəmli bəstəkar Ü.Hacıbəyliyə həsr olunan lektoriyanın əhəmiyyətindən söz açaraq bildirdi ki, əsas məqsəd musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirməkdir. Musiqili lektoriyanın AMEA-da ilk dəfə təşkil olunduğunu söyləyən N.Quliyeva bu kimi tədbirlərin keçirilməsinin milli musiqimizlə yanaşı, görkəmli bəstəkarlarımıza da olan hörmət və sevginin təcəssümü olduğunu bildirdi.

Sonra Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova “Üzeyir Hacıbəyli-görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda mühazirəsi dinlənildi. O, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən danışdı. Bildirdi ki, Üzeyir Hacıbəyli, yüz illik dövr keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Görkəmli bəstəkar, müəllim-ustad, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycanın mədəniyyət tarixində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaqdır.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Azərbaycanın görkəmli pianoçusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək dahi bəstəkarın əsərlərinin Azərbaycan və dünya musiqisi xəzinəsini zənginləşdirdiyini söylədilər, bu kimi musiqili lektoriyaların ictimaiyyət üçün vacibliyini vurğuladılar.

Tədbirin sonunda Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının ifasında ölməz bəstəkarın əsərlərindən nümunələr səsləndirildi.

JOURNALS
Useful links