News
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda - Kimya texnologiyasının proses və aparatları, texnoloji və istehsal proseslərinin avtomatlaşdırılması ixtisasında mühüm xidmətləri olan alim, kimya elmləri doktoru, professor, baş elmi işçi Eldar Məmmədov 73 yaşında vəfat edib
Dec 16, 2016 | 12:00 / Important events
Read 5780 time (-s)

Akademik M.Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda - Kimya texnologiyasının proses və aparatları, texnoloji və istehsal proseslərinin avtomatlaşdırılması ixtisasında “Mikro-EHM əsasında avtomatlaşdırıl­mış sistemlərlə kimya proseslərinin modelləş­dirilməsi, intensivləşdirilməsi və optimal layihə­ləşdirilməsi” elmi istiqamətində mühüm xidmətləri olan alim, kimya elmləri doktoru, professor, baş elmi işçi Eldar Məmmədov 73 yaşında vəfat edib.

Eldar Məmmədov  1943-cü il fevralın 21-də Xızı rayonunda anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.  

Alimin rəhbərliyi altında  kimya-texnoloji proseslərini nəzarət və idarə etmək üçün modul kompleksli rəqəmli cihazlar hazırlanmış, onların əsasında PC-kompüterlə  birləşdirilmiş və avto­matlaşdırılmış sənaye, pilot və laborator qurğular işlənib hazırlan­mışdır. Bu qurğularda bir sıra heterogen-katalitik və əlaqəli proseslər tədqiq olunmuş, bu proseslərin riyazi modeli, optimal idarəedilməsi və layihələş­dirilməsi məsələləri həll edilmiş, propilenin asetona, metanın metanola və s. oksidləşməsi pro­seslərinin texnoloji rejimləri optimallaşdırıl­mış, aktiv kataliza­torların seçilməsi üçün avtomatlaşdırılmış eksperi­mentlərin optimallaş­dırıl­ması üçün metodlar və üsullar işlənib hazırlan­mışdır. Resirkulyasiya üsulu ilə istilik elektrik stansiyalarında yanma proseslərində çıxan qazların tərkibində olan azot oksidlərinin azaldılması metodikası işlənib hazırlanmış, neft emalı proseslərində alınan məhsulların sərfinə və nəmlik miqdarına nəzarət edən üsul və dispetçer sistemi təklif olunmuşdur. İzobutanın dehidrogenləşdirmə prosesinin riyazi modeli və texnoloji parametrlərin fasiləsiz nəsarət metodikası işlənib hazırlanmış, alınan nəticələrin əsasında zavod şəraitində optimal idarəetmə sistemləri yaradılmış və tətbiq olunmuşdur.

Modifikasiya olunmuş təbii mordenit üzərində metanolun qarışqa turşusuna oksidləşmə prosesinin riyazi modeli işlənib hazırlan­mışdır. Kimya-texnoloji pilot qurğusunda prosesin texnoloji parametrlərinin qarışqa turşusunun maksimal çıxımını təmin edən optimal qiymətləri tapılmışdır. Nəzəri optimallaşdırılma aparılmış, reaktorun optimal tipi seçilmiş və konstruktiv ölçüləri hesablan­mışdır. Qarışqa turşusunun sənaye istehsalı üçün prinsipial texnoloji sxem işlənib hazırlanmış və təklif olunmuşdur.

Qaz fazada propilenin katalizatorun qaynar layinda polimerləşməsi prosesinin kinetik tənliyi qurulmuşdur. 

Eldar Məmmədov 217 elmi əsərin, 15 müəlliflik şəhadətnaməsi və patentin müəl­­lifi­dir. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlan­mışdır.

2013-cü ildə  alim AMEA-nın Rəyasət Heyətinin “Fəxri fər­manı” ilə təltif olunmuşdur.

Eldar Məmmədovun əziz xatirəsi institut əməkdaşlarının və onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

 

Allah rəhmət eləsin!

  

JOURNALS
Useful links