News
Azərbaycan haqq yolunda olduğunu parlaq qələbə ilə sübut etdi
Nov 06, 2021 | 10:26 / Publications
Read 1580 time (-s)

İşğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə de­yil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Dövlətimizin başçısı prezident­lik fəaliyyəti illərində həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

İkinci Qarabağ müharibəsinin get­diyi 44 gündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistana deyil, bütövlükdə haqsız güclərə sübut etdi ki, ölkəmiz haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşur.

Vətən savaşında müzəffər Azərbaycan Ordusu dünyaya göstərdi ki, döyüş meydanında zəfəri tanklarla, top­larla deyil, ağıl, zəka ilə və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqa idi. Prezi­dent, Ali Baş Komandan İlham Əliyev xal­qa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Bu əzəli şəhərimizin işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şu­şanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

Şəhidlərimizin canı-qanı ilə əldə edilən Şuşa Zəfərini Azərbaycan xalqına bəxş etməklə Ali Baş Koman­danımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qara­bağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən ulu öndərin arzusunu reallaşdırdı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissləri doğurdu. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə-beş artırdı.

“Qarabağ Azərbaycandır və nida işarəsi”, – söyləyən dövlətimizin başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də vədinə əməl etdi. 2020-ci il noyabrın 8-i xalqımızın tarixinə qı­zıl hərflərlə yazıldı. Otuz ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi, əzəli torpaqlarının bir qarışını belə heç kəsə vermək fikrində olmadığını sübuta yetirdi.

Məhyəddin HACIYEV,

YAP-ın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ərazi təşkilatının sədri

 
 
JOURNALS
Useful links