News
“Soyuq qaynama”nın köməyilə suyun ekoloji təmizlənməsi üsulu işlənib hazırlanıb
Apr 20, 2021 | 11:00 / Interesting information
Read 2091 time (-s)

Rusiyanın Sibir Federal Universitetinin alimləri Çindən olan həmkarları ilə birlikdə sənaye sularının ekoloji təmizlənməsi üsulunu işləyib hazırlayıblar.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, yeni texnologiyanın işi mayenin kavitasiya emalından – “mikroçırpmadan” ibarətdir. Bundan sonra çirk asanlıqla təmizlənə bilən çöküntü yaradır. Tədqiqatın nəticələri “IOP Conference Series: Materials Science and Engineering” nəşrində dərc edilib.

Alimlərin fikrincə, kavitasiya prosesində ayrılan oksigen və hidrogen peroksidin təsiri ilə ağır metallar çöküntü yaradır ki, onu asanlıqla yığmaq mümkündür. Yeni üsulda su faktiki olaraq özü təmizlənir, ona əlavə reagent lazım deyil.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, kavitasiya prosesini bəzən “soyuq qaynama” adlandırırlar. Xüsusi avadanlıq vasitəsilə böyük dövriyyədə mayedə yüksək və aşağı təzyiq sahələri, çox kiçik su qovuqları yaranır. Onlar partlayaraq, əhəmiyyətli dərəcədə enerji buraxır. Bu, müəyyən mənada “nəhəng mikser”in işini xatırladır. Sibir Federal Universitetində suyu duzdan təmizləmək üçün kavitasiya prosesindən istifadə edilir.

Ekspertlərin fikrincə, yeni texnologiyanın mühüm üstünlüyü var. Belə ki, çöküntü halına düşmüş metallardan təkrar istifadə etmək mümkündür. Mis, dəmir və nikel öz oksidlərindən asanlıqla ayrılır və onlardan yeni məmulat hazırlamaq olar.

Qeyd edək ki, 2017-ci ildən Sibir Federal Universitetinin alimləri Çin Elmlər Akademiyasından olan həmkarları ilə ağır metal tərkibli suları təmizləməyin yeni üsulunun yaradılması üzrə əməkdaşlıq edirlər. Yaxın vaxtlarda “nəhəng mikserin” işinin alüminium zavodunda yoxlanılması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
JOURNALS
Useful links