News
Akademik Tofiq Nağıyevin 80 yaşı tamam olur
Mar 04, 2021 | 10:20 / Jubilees
Read 2506 time (-s)

Bu gün görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin 80 yaşı tamam olur.

Tofiq Murtuza oğlu Nağıyev 1941-ci il martın 4-də Bakıda görkəmli kimyaçı-texnoloq ailəsində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirib.

1967-ci ildə kimya elmləri üzrə fəlsəfə, 1974-cü ildə elmlər doktoru elmi dərəcələrini, 1976-cı ildə isə professor adını alıb. O, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. 2007-ci ildən AMEA Rəyasət Heyətinin üzvü, 2013-cü ildən isə AMEA-nın vitse-prezidentidir. T.Nağıyev 2001-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olub. 2004-cü ildən Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktorudur. Həmçinin AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları şöbəsinin müdiridir.

Akademik Tofiq Nağıyevin elmi fəaliyyətinin əsas istiqaməti qaz fazada hidrogen peroksidlə koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyalarının tədqiqidir. T.Nağıyev kimyəvi və biokimyəvi reaksiyaların koherent sinxronlaşmasının makrokinetik nəzəriyyəsinin müəllifidir. O, kimyəvi interferensiya və determinant tənlik təklif edib. Onun son illərdəki elmi tədqiqat işləri biomimetik kataliz sahəsi ilə bağlıdır. Alim tərəfindən əsaslandırılmış atmosfer azotunun oksidləşdirici fiksasiyası (“Nağıyev effekti”) qoşulmuş dehidrogenləşmə, epoksidləşmə, hidroksilləşmə, metanın metanola və formaldehidə oksidləşməsi reaksiyalarının tədqiqinə imkan verib. Bu tədqiqatlar nəticəsində kimyəvi və biokimyəvi sistemlərdə kimyəvi enerjinin toplanması prinsipinin öyrənilməsi sahəsində yeni analitik sistemlər olan biomimetik sensorlar yaradılıb.

Akademik Tofiq Nağıyevin rəhbərliyi ilə 24 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb. O, 500-dən  artıq  elmi  əsərin,  42  patent  və  müəlliflik  şəhadətnaməsinin,  5 monoqrafiyanın müəllifidir. Alimin əsərlərinin çoxu xaricdə (“Химическое сопряжение” “Наука”, Moskva, 1989), “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyaları (“Elsevier”, Amsterdam, 2007) nəşr edilib. Tofiq Nağıyev Fransa Neft İnstitutunda təcrübə keçib (1970-1971), Böyük Britaniyada (1974-1975), ABŞ-da (1987, 1990-1991) Virciniya Birlik Universitetinin (Virginia Commonwealth University) Kimya fakültəsində dəvətli professor kimi fəaliyyət göstərib, həmçinin Pensilvaniya, Viskonsin, Corctaun universitetlərində (1991) məruzələrlə çıxış edib, İsveçdə (1989-1990) Lund Universitetinin Kimya Mərkəzində elmi ezamiyyətlərdə olub. O, çoxsaylı beynəlxalq konfrans, simpozium, konqres və forumlarda dəfələrlə moderator olub, plenar məruzələrlə çıxış edib.

Akademik Tofiq Nağıyev “AMEA-nın Məruzələri”nin, “Azərbaycan Kimya Jurnalı”nın, “Elm”–“Наука” qəzetinin, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin “Химия в интересах устойчивого развития” jurnalının redaksiya heyətlərinin üzvüdür. “Большая Российская Энциклопедия”da akademik Tofiq Nağıyev haqqında məqalə dərc edilib. Böyük Britaniyada nəşr edilən beynəlxalq “Research Features” jurnalında 2017-ci ildə alimin elmi fəaliyyətinə və tədqiqatlarına həsr olunmuş elmi məqalə işıq üzü görüb.

Akademik Tofiq Nağıyevin rəhbərliyi ilə 2004-2020-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası”nın xüsusi cildi (Azərbaycan və rus dillərində) və çoxcildli universal ensiklopediyanın 9 cildi nəşr edilib. O, “Rəşadətli əməyə görə” medalı (1970), “Şöhrət” ordeni (2004) və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı (2019) ilə təltif olunub. 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatına layiq görülüb.

Görkəmli alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

JOURNALS
Useful links