News
Alimlərimiz 2020-ci ildə fundamental və tətbiqi kimya sahəsində bir çox uğurlar qazanıblar
Feb 04, 2021 | 20:01 / Publications
Read 2053 time (-s)

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan möhtəşəm qələbə bütün Azərbaycan xalqı kimi AMEA-nın alimlərində də böyük ruh yüksəkliyi yaradır və ölkənin nüfuzunu elm sahəsində yüksəltmək üçün öz töhfələrini verməyə səsləyir. Koronavirus pandemiyasının yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq, laboratoriya tədqiqatları üstünlük təşkil edən kimya sahəsində alimlərimiz bir çox mühüm nəticələr əldə etmiş, yüzlərlə məqalə, monoqrafiya və kitab çap etdirmiş, 50 patentə sahib olmuşlar. Qeyd etmək kifayətdir ki, kimyaçılarımızın 100-dən çox məqaləsi dünyanın ən nüfuzlu elmi bazası olan "Clarivate Analytics" (əvvəlki Tomson Reuters) bazasında yer almışdır. Elmi məhsuldarlıq səviyyəsinə görə, Beynəlxalq SİR reytinq cədvəlində dünyanın 230 ölkəsi arasında Azərbaycan kimya elmi 68-ci yerdə (qonşu ölkələr Ermənistan və Gürcüstan  83 və 93-cü yerdə), Cənubi Qafqazda isə 1-ci yerdə qərarlaşmışdır.

Ölkə iqtisadiyyatı üçün önəmli olan tətbiqi kimya sahəsində qazanılan uğurlar da diqqətə layiqdir. Belə ki, 2020-ci ildə kimyaçılarımız 10 işi tətbiq etmiş, bir neçə işləmə isə zəruri sınaqlardan keçərək istehsal üçün lazımi qurumlardan icazə almışdır. Bir neçə mərhələli sınaqlardan uğurla keçən xüsusi təyinatlı motor yağları Ukrayna, Pakistan kimi ölkələrin də marağına səbəb olmuş və onlar ixrac üçün müqavilə bağlamağa hazır olduqlarını bildirmişlər.

Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-ci il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri olan kimya profilli Təcrübə Sənaye Zavodu və "İNKOR" MMC-də istehsal olunan kimyəvi məhsulların illik dövriyyəsi 2020-ci ildə 4 milyon manata yaxın olmuşdur. Bundan əlavə kimyaçılarımız 208 min manat həcmində təsərrüfat müqavilələrini və 400 min manatdan çox qrant layihələrini yerinə yetirmiş, 2021-2023-cü illərdə yerinə yetirilməsi palnalşdırılan və ətraf mühitin təhlükəsizliyinə yönəlmiş 900 min manatlıq müqavilə imzalamış, Avropa Birliyinin "Horizon 2020" proqramı üzrə qalib olduğu və 300 min avro məbləğində ayrılan qrant üzərində tədqiqatları davam etdirmişlər.

Göründüyü kimi, kimyaçı alimlərimiz onlara ayrılan maliyyə vəsaiti müqabilində təkcə monoqrafiyalar, kitablar, nüfuzlu xarici jurnallarda çox sayda məqalələr dərc etdirməklə kifayətlənməmiş, eyni zamanda onların işləmələri əsasında ölkənin daxili bazarı üçün müxtəlif təyinatlı kimyəvi məhsulların - inqibitorların, sürtkülərin, deemulqatorların, gübrələrin, neftin uzaq məsafələrə nəqli üçün depressatorun və digərlərinin istehsalı AMEA Yüksək Texnologiyalar Parkında təşkil olunmuşdur. Bu baxımdan görülən işləri qiymətləndirməmək və AMEA-nı yalnız tənqid atəşinə tutmaq ən azı ədalətsizlik olar.

Etiraf etmək lazımdır ki, AMEA-da yaş problemi mövcuddur. Bunun bir səbəbi də gənc əməkdaşların AMEA-da müəyyən təcrübə topladıqdan sonra yüksək məvacib təklif olunan şirkətlərə və özəl  təşkilatlara axınının ildən ilə sürətlənməsidir. Digər tərəfdən, yeni kadrlar formalaşana qədər təcrübəli əməkdaşlardan da istifadə etmək hələ ki, əlverişlidir.

Razılaşmaq olar ki, AMEA-nın elmi səmərəliliyini artırmaq üçün islahatların keçirilməsi vacibdir. Lakin onu da nəzərə almaq lazımdır ki, ciddi islahatlar adətən ağrısız ötüşmür və narazı qalanlar kifayət qədər olur. Belə bir şəraitdə konstruktiv  təkliflərlə çıxış etmək əvəzinə AMEA haqqında nəinki həqiqətə uyğun olmayan, bəzən hətta böhtan xarakterli ittihamlar səsləndirmək heç də ümumi işin xeyrinə olmur. Haqlı iradlar nəzərə alınmalı və tədbirlər görülməlidir. Lakin haqsız, ədalətsiz ittihamlar əsasında AMEA haqqında mənfi fikirlər səsləndirmək ulu öndər Heydər Əliyevin AMEA-nın bizim milli sərvətimiz olması, onu qorumağın vacibliyi fikri ilə uzlaşmır.

İstisna edilmir ki, AMEA-da müəyyən problemlər var. Lakin onlara ciddi və obyektiv yanaşmaq lazımdır. 90-cı illərdən sonra siyasi və ictimai həyatda baş verən tənəzzül, çaşqınlıq, keçid və bərpa dövrləri elmə təsirini daha uzun müddətdə göstərib. Həmin illərdə tənəzzül bataqlığından çıxmaq, əvvəlki səviyyəyə qayıtmaq və inkişaf üçün zəmin yaratmaq problemi çox kəskin şəkildə gündəmə çıxmışdı. Lakin sonrakı inkişaf dövründə AMEA-da əldə edilən uğurlar da xeyli artmışdır. Ola bilsin ki, bu artım bizi təmin etmir, bu da təbii haldır. Dünyada hal-hazırda 8 milyona yaxın elmi tədqiqatçının fəaliyyət göstərdiyi şəraitdə onlarla rəqabət aparmaq heç də asan deyil. Çıxış yolu ekstensiv inkişafdan intensiv inkişafa keçməkdir. Bunun üçün yaşlı elmi əməkdaşların təqaüd güzəştlərinə və gənclərin elmə cəlb edilməsi və özlərini elmə həsr etməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Şübhə yoxdur ki, AMEA-nın çətinlikləri çoxdur. Onların hamısını birdən-birə və qısa müddətdə aradan qaldırmaq qeyri-mümkündür. Hamı başa düşür ki, müharibədən sonrakı dövrdə, işğaldan azad olunmuş ərazilərin bərpası və şəhidlərimizin ailələrinə yardım üçün dövlətə böyük maliyyə vəsaiti lazımdır. Belə vəziyyətdə AMEA-nın qarşısında duran əsas və çətin vəzifə mövcud maliyyə imkanları çərçivəsinda elmin səmərəliliyini artırmaq, intensiv inkişafa keçid üçün şərait yaratmaq, maliyyənin məqsədli və qənaətlə xərclənməsinə, idarəetmədə optimallığa və şəffaflığa nail olmaqdır.

Deyilənləri həyata keçirmək üçün AMEA-da ciddi islahatlara artıq start verilib. Daha doğrusu, 2020-ci ilin əvvəllərində bu islahatların başlanılması planlaşdırılmışdı. Lakin pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi bu prosesləri bir qədər ləngitmişdir. Ona görə ümid etmək olar ki, bəzi qüvvələrin müqavimətinə baxmayaraq, AMEA-da aparılan islahatlar və görülən tədbirlər öz müsbət nəticəsini göstərəcəkdir.                                          

Dilqəm TAĞIYEV, AMEA-nın birinci vitse-prezidenti, akademik

JOURNALS
Useful links