News
Bu il ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları kimi 20 Yanvar şəhidlərinin xatirəsini anırıq
Jan 20, 2021 | 20:00 / Meetings
Read 2570 time (-s)

20 Yanvar faciəsi Azərbaycan tarixinə milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımızın cəsur övladları 1990-cı il yanvarın 20-də qəhrəmanlıq dastanı yazaraq şəhid oldular. Onlar öz əməlləri ilə xalqımızın qürur mənbəyinə çevriliblər.

AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov deyib.

O qeyd edib ki, 20 Yanvar faciəsi XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin, törədilmiş soyqırımı aktlarının davamı idi. 1988-ci ildən başlayaraq soydaşlarımızın Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından qəddarlıqla qovularaq deportasiya edilməsi, o vaxtkı sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ ətrafındakı hadisələr, Azərbaycan xalqının milli azadlıq hərəkatı, sovet rəhbərliyinin imperiyanı dağılmaqdan qorumaq cəhdləri faciənin baş vermə səbəblərindəndir. İmperiyanı dağılmaqdan qorumaq, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsini boğmaq üçün ordunu bir bəhanə ilə Azərbaycana yeritmək lazım idi və bunu Bakıda təxribatlar törətməklə etdilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan olunmadan və xəbərdarlıq edilmədən Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin gülləbaran edilməsi, günahsız insanların qətlə yetirilməsi totalitar rejimin Azərbaycan xalqına qarşı törətdiyi cinayət idi. Faciə barədə xəbərlərin dünyaya yayılmasının qarşısını almaq, Azərbaycanı informasiya blokadasında saxlamaq o vaxtkı sovet rəhbərliyinin məkrli planlarından biri idi. Lakin Qanlı Yanvar faciəsi baş verdikdən bir gün sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda törədilən qırğına ilk olaraq bəyanatla çıxış edib, etirazını bildirmişdi. Bu həmin dövrdə 20 Yanvar faciəsinə verilən ilk siyasi-hüquqi qiymət idi. Sonrakı dövrlərdə Azərbaycan xalqının azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə olub. Ulu öndər Heydər Əliyev tərəfindən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi və yenə həmin ildə Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması barədə sərəncamları gələcək nəsillərin yaddaşında bu qanlı faciənin həkk edilməsi baxımından mühüm tarixi sənədlərdir. Heydər Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənənin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, paytaxta səfərə gələn rəsmi qonaqların, dövlət və hökumət başçılarının ölkəmizə səfər proqramları çərçivəsində Şəhidlər xiyabanını ziyarət etməsi şəhidlərin xatirəsinə ehtiramın dövlət səviyyəsində olmasının bariz göstəricisidir.

“Bu il artıq biz ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları kimi 20 Yanvar şəhidlərinin əziz xatirəsini anırıq. 20 yanvar şəhidlərinin ruhu indi şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanımızın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Qalib gəldiyimiz 44 günlük Vətən müharibəsində həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb”, - deyə F.Məmmədov vurğulayıb.

JOURNALS
Useful links