News
AMEA-nın Azad Həmkarlar İttifaqı şəhidimizin övladına 18 yaşınadək maliyyə yardımı göstərəcək
Sep 23, 2020 | 11:31 / Important events
Read 2361 time (-s)

Dinimizdə də, xalqımızın etnik yaddaşında da şəhidlik Ulu Tanrının hüzurunda ən yüksək mərtəbəyə ucalmaq kimi qiymətləndirilib.

Azərbaycan adlı məmləkətin tarixini vərəqləsək, orada minlərlə, on minlərlə şəhidlik nümunəsi görərik. Elə həmin şəhidlərin xidmətidir ki, xalqımız, dövlətimiz olub və olacaq.

Belə bir müqəddəs zirvəyə yüksələnlər sırasında baş leytenant Tural Haşımlının da mübarək yeri var. 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində dünyaya göz açan Tural öz hünəri və qanı ilə adını əbədi olaraq Azərbaycanın tarixinə yazdı. 2017-ci ildə düşmənlə üz-üzə döyüşlərdə qəhrəmancasına şəhid oldu.

T.Haşımlı cəmi 7 ay idi ki, ailə həyatı qurmuşdu. Tale ona övlad qismət edəcəkdi. İlk övladını həsrətlə gözləyirdi. Amma... bu qismətin ləzzətini dada bilmədi. Turalın ölümündən sonra doğulan oğul övladının adını Tural qoydular.

İndi körpə Tural, həm də ata Turalın ömrünü yaşayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı 18 yaşınadək balaca Turala maliyyə köməkliyi göstərməyi qərara alıb. 18 yaşınadək ona hər ay 150 manat pul veriləcək. İttifaq həmin məbləği Ordubadda yaşayan Şəbnəm xanımın (balaca Turalın anasının) “Kapital Bank”da açılmış hesabına köçürəcək. Pandemiya dövrü bitəndən sonra bu ailə ilə vaxtaşırı görüşlər nəzərdə tutulub.

JOURNALS
Useful links