News
AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb
Jul 27, 2020 | 17:58 / Meetings
Read 2861 time (-s)

İyulun 27-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qross ilə görüşüb. Görüşdə ölkələrimiz arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Akademik Ramiz Mehdiyev Azərbaycan-Fransa əlaqələrinin tarixi mərhələlərindən, siyasi, iqtisadi, mədəni və elmi sahələri əhatə edən əməkdaşlıq münasibətlərindən, eləcə də koronavirus pandemiyası dövründə ölkədəki mövcud karantin rejimi çərçivəsində AMEA-da aparılan elmi-tədqiqat işlərindən söz açıb.

Azərbaycan elminin dünya elminə inteqrasiyasından bəhs edən AMEA rəhbəri akademiyada kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqinə üstünlük verildiyini deyib. Bu mənada Fransanın elm və ali təhsil mərkəzləri ilə də fəaliyyətin genişləndirilməsi üçün yüksək potensialın olduğunu qeyd edib.

Səfir Zakari Qross səmimi qəbula və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində xidmətlərə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanla Fransanın bir sıra elmi istiqamətlərdə etibarlı tərəfdaşlar kimi birgə fəaliyyətinin bundan sonra da uğurla davam edəcəyini vurğulayıb. 

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri, akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, Azərbaycandakı Fransa İnstitutunun direktoru, Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Jerom Kel və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.

JOURNALS
Useful links