News
Akademik Rasim Əliquliyev: “Koronavirus pandemiyası distant təhsil, elektron elm və onlayn ticarətin müasir dövrdə aktuallıq kəsb etdiyini göstərib”
May 14, 2020 | 09:00 / Important events
Read 2521 time (-s)

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev modern.az saytına müsahibə verib. O, koronavirus pandemiyası dövründə informasiya-kommunikasiya texnologiyaları və internetdən istifadənin yaratdığı imkanlardan, eləcə də onun insanlar arasında ünsiyyətin təmin olunmasındakı rolundan bəhs edib.

Qeyd edib ki, internet geniş yayıldığı vaxtdan insan fəaliyyətində mühüm əhəmiyyətə malik olmasına baxmayaraq, heç zaman hazırda olduğu kimi kritik əhəmiyyət kəsb edən vasitə rolunu oynamayıb: “İndiki vəziyyət təcrübədə informasiya texnologiyalarının imkanlarının genişləndirilməsi üçün böyük zəmin yaradır. Koronavirusla bağlı gedən proseslər dərin təhlilə ehtiyacı olan məsələlərdir. Pandemiyanın böyük fəlakətlərə, insanların ölümünə səbəb olduğu bu kritik dövrdə cəmiyyətin yenidən qurulması, insanların internetdən istifadəyə önəm verməsi, internetin təhlükəsizliyi və dayanıqlığının təmin olunması daha da aktuallaşıb”.

Hazırda insanların İKT-dən istifadə edərək daha da sosiallaşdığını deyən R.Əliquliyev bildirib ki, koronavirus pandemiyası distant təhsil, elektron elm, onlayn ticarət kimi sahələrin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini göstərib. Qlobal epidemiya bütün sahələrdə yeniliklərin tətbiq edilməsinə zəmin yaradıb, qeyri-neft sektorunun inkişafı məsələsini gündəmə gətirib, eləcə də internetdən istifadənin genişlənməsinə, cəmiyyətin və dövlətin onlayn texnologiyalar əsasında idarə olunmasına yüksək tələbat formalaşdırıb.

“Hesab edirəm ki, koronavirus pandemiyasının yekunlaşması ilə bütün dünya dövlətləri İKT və internet texnologiyalarının inkişafına daha böyük diqqət ayıracaqlar”, – deyə vurğulayan alim bu məqsədlə yeni “ağıllı” qurğuların və sistemlərin hazırlanmasının əhəmiyyətini qeyd edib. Vitse-prezidentin sözlərinə görə, bu reallıqları nəzərə alaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev də bütün elmi tədqiqat institutlarının qarşısında koronavirusla əlaqəli problemlərin həllinə dəstək göstərmələri ilə bağlı vəzifələr qoyub: “Biotibb və kimya texnologiyaları ilə yanaşı, süni intellekt texnologiyaları da bununla əlaqədar zəruri dəstəyi təmin edə bilər. Alimlərimiz artıq bu istiqamətdə tədqiqatlara başlayıblar. Bu məqsədlə elektron dövlətin və onun funksional komponentlərinin ekstremal şəraitdə dayanıqlı və təhlükəsiz fəaliyyət göstərməsi üçün müəyyən elmi-nəzəri problemlərin həlli istiqamətində təklif və tövsiyələr işlənilir”.

Koronavirus pandemiyasından sonra  virusologiya elmi üzrə tədqiqatların, ümumiyyətlə, biotəhlükəsizlik problemlərinin aktuallaşacağını söyləyən R.Əliquliyev əlavə edib ki, artıq AMEA-da bu məsələlər geniş müzakirə olunur və zəruri təkliflər hazırlanır.

Akademik bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda süni intellekt texnologiyalarının inkişafına böyük diqqət yetirilir, alimlərimiz bununla əlaqədar əhəmiyyətli araşdırmalar aparırlar. Həmin qabaqcıl texnologiyaların Azərbaycanda geniş tətbiqi, ölkəmizin texnoloji infrastruktur mühitinin bu çağırışlara uyğun formalaşdırılması, xüsusi data mərkəzlərin, superkompüter klasterlərinin formalaşdırılması, kütləvi “buludlaşma”ya hazırlıq və s. məqamlar diqqət mərkəzindədir.  

Alim, həmçinin mikroçiplər vasitəsilə insanların həssas fərdi məlumatlarının qeyri-qanuni əldə olunaraq paylaşılması, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərin ölkəmizdə yeni intellektual cəmiyyətin formalaşmasında rolu, ölkəmizdə dayanıqlı, etibarlı, intellektual keyfiyyətlərə malik virtual məkanın yaradılması, Azərbaycanın təklif etdiyi tətbiqi proqram məhsulları, eyni zamanda, elmi tutumlu “ağıllı” texnologiyaların istehsalı sahəsində rəqabətədavamlı layihələr və digər məsələlərdən danışıb. 

AMEA-nın vitse-prezidenti qeyd edib ki, müasir dövrdə elm və texnologiyanın inkişaf səviyyəsi koronavirus probleminin yaxın zamanlarda həlli üçün lazımi vasitələrin tapılmasına imkan verəcək.

JOURNALS
Useful links