Xəbərlər
Foto
Azərbaycan və İtaliyalı alimlər nanostrukturlaşdırılmış polimer materialların alınması və dizaynı sahəsində əməkdaşlıq edəcəklər
Apr 09, 2019 | 13:50 / Konfranslar, iclaslar
Oxunub 215 dəfə

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunda  “İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” öz işini davam etdirmişdir. Seminarı AMEA-nın vitse –prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev açaraq qeyd etdi ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası   akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və İtaliya Milli Tədqiqatlar Şurası  Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun birgə təşkilatçılığı ilə  “İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” öz işini yekunlaşdırır. Seminarda iki İtaliyalı alim və institutumuzun bir əməkdaşının məruzəsi dinləniləcəkdir.

Daha sonra İtaliya Milli Tədqiqatlar Şurası, Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun elmi tədqiqatçısı Dr. Giovanna Buonocorenin “Aktiv qablaşdırmalar üçün innovativ polimer materiallar”, həmin institutun əməkdaşı Dr.Marino Lavorgnanın “Quruluş və funksional tətbiqlər üçün qrafen-polimer nanokompozitlər” və AMEA Kataliz və Qeyti-üzvi Kimya İnstitutunun laboratoriya müdiri prof.Vaqif Əhmədovun “Tərkibində metal olmayan polimer karbon nitrid üzərində kataliz” adlı məruzələri dinlənildi və məruzələr ətrafında geniş müzakirələr aparıldı.  

Sonda akademik Dilqəm Tağıyev bildirdi ki, son vaxtlar AMEA-nın xarici ölkələrin elmi mərkəzləri və institutları ilə əlaqələri genişlənir. Bu baxımdan keçirilən tədbir önəmli əhəmiyyət kəsb edir və Azərbaycan-İtaliya elmi əlaqələrinin daha da genişləndirilməsinə  təkan verəcək. Akademik KQÜKİ ilə İtaliya Milli Tədqiqatlar Şurası, Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutları arasında nanostrukturlaşdırılmış polimer materialların alınması və dizaynı sahəsində elmi əlaqələrin gücləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğuladı və yaxın zamanlarda iki institut arasında əməkdaşlıq müqaviləsinin imzalanacağı barədə razılığın olduğunu söylədi.

Seminarda AMEA Polimer Materialları, Neft –Kimya Prosesləri, Fizika və Biofizika instututlarının alimləri də iştirak ediblər.

JURNALLAR
Faydalı linklər