Xəbərlər
Foto
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Apr 04, 2019 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 4959 dəfə

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm Günü” ilə əlaqədar keçirilən AMEA Rəyasət Heyətinin “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə” müsabiqəsinin, eləcə də “Gənc qadınlar elmdə” və “Magistr – 2019” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edib.

Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) 2017-2018-ci illərdəki fəaliyyəti haqqında hesabatı dinlənilib. AHİ-nin sədri, hüquq elmlər doktoru Habil Qurbanov bildirib ki, hesabat dövründə AHİ akademiya əməkdaşlarının sosial həyatlarında, onların problemlərinin həlli yolunda yaxından iştirak edib. AMEA-nın müasir dövrün çağırışlarına cavab vermək əzminin həmkarlar təşkilatı qarşısında da mühüm vəzifələr qoyduğunu vurğulayan sədr diqqətə çatdırıb ki, akademiyada gedən islahatların daha səmərəli nəticə verməsi üçün təşkilat əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirib.

Müzakirələrdən sonra hesabat qənaətbəxş hesab edilib, bir sıra tapşırıqlar verilib.

Daha sonra çıxış edən akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri və elmi təşkilatların 2018-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilib. Vurğulayıb ki, Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na və AMEA prezidentinin 3 dekabr 2018-ci il tarixli sərəncamına uyğun olaraq akademiyanın doktorantura və dissertanturasına qəbul həyata keçirilib. O, 2018-ci il üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına, həmçinin fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə AMEA-nın dissertanturasına qəbul haqqında məlumat verib.

İclasda növbəti məsələ “AMEA-nın 2018-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsi ilə bağlı olub. Rəyasət Heyətinin qərarı ilə məcmuənin çap olunması üçün tapşırıq verilib.

Gündəlikdə yer alan növbəti məsələ prioritet istiqamətlər üzrə elmi tədqiqat proqramları haqqında olub. Elmi tədqiqat işlərinin müasir və aktual prioritet elmi istiqamətlər üzrə həyata keçirilməsini davam etdirmək məqsədilə AMEA-nın elmi bölmələri və elmi müəssisələri tərəfindən 2020-2025-ci illərdə aparılacaq elmi tədqiqatların prioritet istiqamətləri haqqında təkliflərə baxılıb, müzakirə aparılıb.

Rəyasət Heyətinin qərarı ilə nanotexnologiyalar və nanostrukturlar, intellektual texnologiyalar və  sistemlər, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, kataliz və yeni materiallar kimyası, neft kimyası, üzvi sintez, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, Azərbaycanda sosial və etnik proseslərin öyrənilməsi, qlobal iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizə potensial təsirinin proqnozlaşdırılması və digər mühüm istiqamətlər üzrə elmi tədqiqat proqramları təsdiq edilib.

İclasda AMEA-nın Biofizika İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə “Molekulyar və hüceyrə onkologiyası” laboratoriyasının yaradılması haqqında, AMEA-nın Botanika İnstitutunun elmi nəşri “Plant & Fungal Research” jurnalının Redaksiya Heyətinin təsdiqi haqqında qərarlar qəbul edilib.

Həmçinin AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi  işçisi Həmayıl Adıgözəlzadənin Almaniya Federativ Respublikasının Leibniz adına Potsdam Astrofizika İnstitutuna, AMEA-nın Mərkəzi Nəbatat Bağının şöbə müdiri Yusif Abiyevin Türkiyənin Qaradəniz Texniki Universitetinə, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədovun Polşanın Adam Mişkiyeviç Universitetinə, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqovun İtaliyanın Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutuna ezam edilmələri haqqında qərarlar verilib.

Digər qərarlarla AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileylərinin keçirilməsi təsdiq edilib.

science.gov.az

JURNALLAR
Faydalı linklər