Xəbərlər
FotoVideo
AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya institutunun təşkilatçılığı ilə Elm Gününə və Dövri Sistemin 150 İlliyinə həsr olunmuş Respublika Konfransı keçirilib
Mart 01, 2019 | 14:33 / Konfranslar, iclaslar
Oxunub 400 dəfə

Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitütinin  müəllim, magistr və tələbələri, eləcə də Z.Əliyeva adına Lisey, BDU-nun nəzdindəki Gənc İstedadlar Liseyi, Avropa Liseyi, 160 saylı Klassik Gimnaziya və Bakı şəhəri 192 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər

Konfransı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2019-cu il kimyəvi  elementlərin Dövri cədvəli  Beynəlxalq ili elan edilmişdir.  Bu hadisə,  rus alimi D.İ. Mendeleyev  tərəfindən kimyəvi elementlərin Dövri qanununun kəşf  olunmasının 150 illiyinə həsr edilib və dünyanın bir sıra ölkələrinin universitet və elmi mərkəzlərində bununla bağlı tədbirlər keçirilir. Sonra, akademik “Kimyəvi elementlərin Dövri sistemi təbiətin fundamental qanunu kimi” adlı məruzə ilə çıxış edib.

Akademik qeyd edib ki, Mendeleyevin Dövri qanununun kəşfi nəinki həmin dövrdə məlum olan  elementlərin xüsusiyyətlərini sistemləşdirməyə, həm də hələ məlum olmayan elementlərin  varlığını proqnozlaşdırmağa və xassələrini təsvir etməyə imkan verdi. Dövri qanunla müəyyən edilmiş konsepsiyaların nəzəri əsaslarının inkişafı və praktik tətbiqi bu gün də aktualdır. Qanun kimya proseslərini anlamaq və müasir kimyəvi texnologiyaların yaradılması üçün əsas verir. Kimyəvi elementlərin dövri sistemini nəzərə alaraq davamlı ərintilər və müəyyən xüsusiyyətləri olan maddələrin alınması, nüvə enerjisindən istifadə və s. məqsədi ilə işlər aparılır. Dövri qanun 20-ci əsrdə  kimya və fizika sahəsində olunan bir sıra kəşflərin əsasında durur.

Daha sonra Bakı Dövlət Universitetinin Kimya Fakültəsinin dekanı professor Abdülsəid Əzizov “Dövri sistem kimyanın tədrisində” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının professoru Minirə Ağahüseynova “Dövri sistemin yeni elementlərin kəşfində əhəmiyyəti” məruzələri ilə çıxış ediblər.

Sonra AMEA-nın Kimya Elmləri Bölməsinin akademik katibi, akademik Vaqif Fərzəliyev, Baki Dövlət Universitetinin prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, AMEA-nın müxbir üzvü  Məhəmməd Babanlı, 160 saylı klassik Gimnaziyanın kimya müəllimi Dilşad Kərimova, 192 saylı məktəbin kimya müəllimi Afət Neymətova məruzələr ətrafında çıxış  etdilər.

Sonda tədbirdə iştirak edən şagirdlərin "Fiziki-kimyəvi analiz", “Molekulyar maqnetiklər və keçiricilər”, “Nanostrukturlaşdırılmış  metal-polimer  katalizatorları” və s. laboratoriyalara ekskursiyalar təşkil olundu və onlar üçün “Analitik kimya” laboratoriyasında bir sıra maraqlı təcrübələr əyani olaraq göstərildi.

JURNALLAR
Faydalı linklər