Xəbərlər
AMEA ilə "Kinemetriks" şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
İyl 26, 2016 | 12:30 / Görüşlər
Oxunub 5387 dəfə

Ölkəmizdə səfərdə olan ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevlə görüşüb.

AMEA Rəyasət Heyətində baş tutan görüşdə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib.

Görüşdə ABŞ-ın "Kinemetriks" şirkəti ilə Azərbaycan alimləri arasında əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili, qarşılıqlı təcrübə mübadiləsi və kadr hazırlığı məsələləri müzakirə olunub.

Həmçinin Ogie Kuraicanın iştirakı ilə azərbaycanlı və amerikalı mütəxəssislər tərəfindən yaradılacaq RSXM-nin Naxçıvan Məlumat Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvanda yaradılacaq Məlumat Mərkəzində muxtar respublikada qeydə alınan zəlzələlərə dair məlumatların emalı və aparılan seysmoloji tədqiqat işlərinin genişləndirilməsi, eləcə də yerli kadrların hazırlanması nəzərdə tutulur.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quiyev yerli və xarici mütəxəssislərin seysmologiya sahəsində birgə tədqiqatlar aparmasının əhəmiyyətini önə çəkib. O, qarşılıqlı təcrübə mübadiləsinin seysmologiya elminin inkişafına yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Ogie Kuraica isə öz növbəsində Azərbaycanda aparılan seysmoloji tədqiqatlar barədə məlumat verib, Naxçıvan Məlumat Mərkəzinin yaradılmasının gələcəkdə aparılacaq tədqiqat işləri üçün əhəmiyyətli olacağını vurğulayıb.

JURNALLAR
Faydalı linklər