Xəbərlər
FotoVideo
Kimya Elmləri Bölməsi 2018-ci ildəki elmi-təşkilati fəaliyyətinə dair hesabat verib
Yan 18, 2019 | 15:00 / Mühüm hadisələr
Oxunub 798 dəfə

Yanvarın 18-də akad.Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər haqqında məlumat verib. Elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsinə dair AMEA-nın təkliflərindən danışan alim bildirib ki, hazırda ölkəmizdə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilir. A.Əlizadə vurğulayıb ki, bu işlərin davamı olaraq Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elmi və elmi- pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq Sərəncam imzalayıb və bu sənədin icrası ilə bağlı AMEA-nın öhdəsinə düşən bir sıra vəzifələrlə bağlı təkliflər hazırlanıb.

Sonra alimlər AMEA-nın Kimya Elmləri Bölməsinə (KEB) daxil olan elmi müəssisələrdə aparılan tədqiqat işlərindən danışıb, əldə olunan mühüm nəticələri təqdim ediblər.

Tədbirdə KEB-in akademik-katibi, akademik Vaqif Fərzəliyev bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. Alim bldirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərancamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb. Dövlət proqramlarının Tədbirlər Planının müvafiq bəndlərinin icrasından danışan alim "Аzərbаycаn Rеspublikаsındа sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illərdə Dövlət Proqramı" üzrə həyata keçirilən işlər barədə məlumat verib.

Bölməyə dair statistik məlumatları nəzərə çatdıran akademik-katib ötən ildə elmi müəssisələrdə 12 problemə aid 43 mövzu üzrə tədqiqat işinin aparıldığını və 2 mövzunun tamamlandığını deyib. Qeyd edib ki, bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 14 mühüm elmi nəticə əldə ediblər. Natiq elmi müəssisələr tərəfindən təklif edilən 4 tətbiqi xarakterli işin müxtəlif təşkilatlarda sınaqdan keçirildiyini və müsbət nəticələr əldə olunduğunu diqqətə çatdırıb. O, ötən il bölmə institutlarının 30 Azərbaycan patenti, 33 qrant aldığını qeyd edib.

Bölmənin kadr hazırlığından danışan V.Fərzəliyev bildirib ki, elmi müəssisələrdə fəlsəfə doktoru hazırlığı üzrə 45 doktorant və 56 dissertant, elmlər doktoru hazırlığı üzrə 33 doktorant və 30 dissertant təhsil alır. Alim bölmənin elmi müəssisələrində 24 fəlsəfə və 6 elmlər doktoru dissertasiyasının müdafiə olunduğunu, 13 işin isə müdafiəyə hazırlandığını diqqətə çatdırıb. Əlavə edib ki, hesabat ilində magistratura pilləsinə dövlət sifarişi əsasında 15 nəfər qəbul olunub.

Nəşriyyatçılıq fəaliyyəti barədə də məlumat verən məruzəçi bildirib ki, institutların əməkdaşları tərəfindən hazırlanmış 9 monoqrafiya və 1 kitab işıq üzü görüb. 258 məqalə İmpakt faktorlu jurnallarda çap olunub ki, bunlardan 130-u "Clarivate Analytics" bazasına daxil edilib. 488-i xaricdə olmaqla 1147 məqalə və tezis nəşr olunub.

V.Fərzəliyev bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin hesabat ilində də davam etdirildiyini, bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirildiyini söyləyib. Akademik-katib hesabatda ölkə başçısının fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərə də toxunub.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademikler - İbrahim QuliyevDilqəm Tağıyevİradə HüseynovaƏhliman ƏmiraslanovNazim MəmmədovVaqif AbbasovAbel MəhərrəmovAdil Qəribov, AMEA-nın müxbir üzvləri - Bilal BilalovOktay Qasımov, i.ü.f.d. Nazim Şükürov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə Kimya Elmləri Bölməsi üzrə mühüm elmi nəticələr akademiyanın illik hesabatına daxil edilib. Dövlət proqramlarının icrası ilə əlaqədar görülmüş işlər bəyənilib. Kimya sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı və digər istiqamətlərdə tapşırıqlar verilib.

science.gov.az

JURNALLAR
Faydalı linklər