Xəbərlər
Foto
AMEA-nın magistraturasına qəbulla bağlı Təhsil şöbələrinin rəhbərləri ilə görüş keçirilib
İyn 11, 2018 | 14:18 / Görüşlər
Oxunub 7493 dəfə

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin rəhbərləri ilə görüş keçirilib.

İdarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və Magistratura şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyevin iştirak etdiyi görüşdə məqsəd AMEA-nın magistraturasına qəbulla bağlı bakalavrların müsahibəsinin təşkili olub.

İclası H.Hüseynov açaraq bu il AMEA-nın magistraturasına 4-cü dəfə qəbulun aparılacağını və bakalavrların 12-14 iyun tarixlərində akademiyanın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış müsahibə komissiyalarından keçəcəklərini söyləyib. Qeyd edib ki, 2018/2019-cu tədris ilində AMEA-nın magistraturasına 10-nu rus bölməsi olmaqla, 50 ixstisaslaşma üzrə 92 plan yeri ayrılıb.

Alim bu il ilk dəfə olaraq AMEA-nın FolklorMemarlıq və İncəsənətMikrobiologiya institutlarında, eləcə də Milli Azərbaycan Tarixi Muzeyi və Respublika Seysmoloji Xidmət Mərkəzində magistratura qəbulunun aparılacağı barədə məlumat verib.

O, müsahibə komissiyalarının fəaliyyətinin təşkili üçün yaddaş vərəqələrinin tərtib edildiyini və Təhsil şöbələrinə göndərildiyini diqqətə çatdırıb. H.Hüseynov bildirib ki, komissiyaların başlıca vəzifələri müsahibələrin obyektiv keçirilməsini və bakalavrların düzgün istiqamətləndirilməsini təşkil etməkdir.

Rəis müavini bakalavrların AMEA-nın magistratura ixtisaslaşmalarını seçə bilmələri üçün müsahibə nəticələrinin vaxtında Dövlət İmtahan Mərkəzinin elektron bazasına yerləşdirilməsinin vacibliyini vurğulayıb. O, bunun üçün müsahibə nəticələrinin hər iş gününün sonunda Magistratura şöbəsinə təqdim edilməsi barədə Təhsil şöbələrinin rəhbərlərinə tapşırıq verib.

H.Hüseynov, həmçinin akademiyanın magistraturasına qəbul olan bakalavrların AMEA-da işlə təmin olunacağını, elmi-tədqiqat işlərinə və təqaüd proqramlarına cəlb ediləcəyini qeyd edib.

Akademiyanın cari magistrantları barədə də danışan H.Hüseynov bu il 57 nəfərin məzun olacağını və diplomların Məzun günündə təqdim edilməsinin planlaşdırıldığını söyləyib.

Sonra Magistratura şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev çıxış edərək AMEA-nın cari magistrantlarının yay imtahan sessiyası və ikinci kurs tələbələrin müdafiələri barədə məlumat verib.

O, həmçinin magistrantların dünya elminə inteqrasiyası və maarifləndirilməsi, innovativ yeniliklərlə tanışlığı, o cümlədən ideya və layihələrinin həyata keçirilməsi üçün mütəmadi seminarların keçirildiyini bildirib və tələbələrin bu tədbirlərdə fəal iştirakının vacibliyini vurğulayıb.

science.gov.az

JURNALLAR
Faydalı linklər