Xəbərlər
AMEA-nın Adlı mükafatları təqdim olunub
İyn 08, 2018 | 14:00 / Mühüm hadisələr
Oxunub 4531 dəfə

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları sahiblərinə təqdim olunub.

Yarımkeçiricilərdə elektrikkeçirmə mexanizminin aktual problemlərinə həsr olunmuş fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadır Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatları  ilə təltif olunublar.

Qeyri-kovalent əlaqələrin, "dopinq" və "spayder" effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nanoquruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirilməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, "Dünya palçıq vulkanları atlası" (Azərbaycan, rus və ingilis dillərində) adlı fundamental elmi əsərinə, eləcə də unikal təbiət hadisəsi olan palçıq vulkanizminin geologiyasının, geotektonikasının, geokimyasının və mineralogiyasının öyrənilməsi sahəsində çoxillik elmi fəaliyyətinə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan və Yaxın Şərqin erkən orta əsrlər tarixinin mənbəşünaslıq, regionun sosial-iqtisadi, siyasi-mədəni problemlərinin və tarixi coğrafiyasının tədqiqi, təhlili və təbliğinəgörə akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı verilib.

Qeyd edək ki, xalq rəssamı Tahir Salahov orijinal üslubu və elmi əsaslı təkraredilməz yaradıcılığı ilə müasir Azərbaycan rəngkarlıq məktəbini dünya səviyyəsində tanıtdığına görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına layiq görülüb.

Xatırladaq ki, mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 15 fevral 2018-ci il tarixli qərarı ilə elan edilib. Rəyasət Heyəti bu il aprelin 5-də keçirilən iclasında müsabiqənin nəticələrinə uyğun olaraq alimlərin sözügedən mükafatlara layiq görülməsini qərara alıb.

science.gov.az

JURNALLAR
Faydalı linklər