Xəbərlər
Azərbaycanda ilk gənc kimyaçı qadın elmlər doktoru
Apr 25, 2018 | 11:22 / Mühüm hadisələr
Oxunub 5339 dəfə

Babanlı Dünya Məhəmməd qızına 06 aprel 2018-ci il tarixində Ali Attestasiya Komissiyası tərəfindən kimya üzrə elmlər doktoru diplomu təqdim edilmişdir.

Babanlı Dünya Məhəmməd qızı 06 dekabr 1983-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 2003-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr pilləsini, 2005-ci ildəisə “Fiziki kimya” ixtisası üzrə magistr pilləsini  fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə AMEA Kimya Problemləri İnstitutunun «Metalların və ərintilərin elektrokimyası» laboratoriyasında kiçik elmi işçi vəzifəsində işə başlamışdır.

2007-ci ildə «Tl-TlHal-X (Hal-Cl,Br; X-Se,Te) sistemlərində qarşılıqlı təsirin fiziki-kimyəvi qanunauyğunluqları» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru  elmi  dərəcəsi almışdır.

2009-2016-cı illərdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun «Nanoelektrokimya və elektrokataliz» laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 2016-cı ildən indiyədək aparıcı elmi işçi vəzifəsində çalışır.

O, ağır metallar əsasında mürəkkəb yarımkeçirici sistemlərin kompleks tədqiqi, onlarda yeni yarımkeçirici, termoelektrik, maqnit, radiasiya detektoru və s. xassəli aralıq fazaların axtarışı və alınması istiqamətində elmi-tədqiqat işləri aparır.

D.M.Babanlı 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri” adlı qrant müsabiqəsinin qalibi olmuşdur.

2015-ci ildə  Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-üzvi Kimya institutu tərəfindən təsis olunmuş "Akademik Murtuza Nağıyev adına mükafat"a layiq görülmüşdür.

D.M.Babanlı 2015-ci ildə dosent elmi adı almışdır.

2017-ci ilin sentyabr  ayında “Tallium xalkohalogenidlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki - kimyəvi əsasları”  mövzusunda, “2307.01-fiziki kimya” və “2303.01-qeyri-üzvi kimya” ixtisaslarının qovşağında yerinə yetirilmiş kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş  dissertasiya işini müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Doktorluq dissertasiyanın mövzusu üzrə 66 elmi əsər, o cüm­lədən resenziya olunan elmi jurnallarda 37 məqalə (20-si xaricdə, onlardan 17-si Science Citation İndex siyahısına daxil olan beynəlxalq jurnallarda ) və elmi konfransların dər­gi­­lərində 3 məqalə və 26 məruzə tezisi çap olunmuş, 1 Azərbaycan Respublikası patenti alınmışdır.

D.M.Babanlının təqdim etdiyi “Ağır metalların xalkogenidlərinin, xalko­ha­lo­genidlərinin və onlar əsasında yeni funksional materialların alınmasının fiziki-kimyəvi əsasları” adlı layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu”nun 2017-ci il üzrə elan edilmiş müsabiqəsinin texnika elmləri sahəsində “Həvəsləndirici mükafat” nominasiyası üzrə qalibi olmuşdur.

D.M.Babanlı bütövlükdə 140-a yaxın elmi əsərin müəllifidir."Google Scholar Citations" informasiya sistemindən götürülən məlumat­lara görə D.M.Babanlının 40-a yaxın elmi əsəri  Elsevier, Springer və Tomson Reuters beynəlxalq elektron sistemlərinə daxil edilmiş və onlara 131 istinad edilmişdir. Elmi tədqiqatların nəticələri  bir sıra  beynəlxalq konfranslarda və simpoziumlarda  məruzə  edilmişdir.

Qeyd edək ki, Dünya Babanlı Azərbaycanda kimya üzrə elmlər doktoru elmi dərəcəsi almış ən gənc qadındır.

JURNALLAR
Faydalı linklər