Xəbərlər
Topoloji izolyatorların sintezində və dizaynında yeni yanaşmaya dair məruzə dinlənilib
Apr 18, 2018 | 16:20 / Mühüm hadisələr
Oxunub 4485 dəfə

Aprelin 18-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı "Yüksək texnologiyalar üçün unikal qeyri-üzvi materiallar olan topoloji izolyatorların sintezində və dizaynında yeni yanaşmalar. Nailiyyətlər və perspektiv­lər" mövzusunda elmi məruzə ilə çıxış edib.

Alim bildirib ki, son illərdə kimya, fizika və ma­te­rial­şünaslığın qovşağında multidissiplinar elmi araşdırmaların prioritet istiqamət­lə­rin­dən biri yeni nəsil qeyri-üzvi funksional materialların – topoloji izolyatorların yaradılması və tədqiqidir: "Topoloji izolyator materiyanın xüsusi kvant halı olub özünü həcmdə izolyator kimi apardığı halda, səthdə yüksək spinpolyarlaşmış keçiriciliyə malikdir. Bu qeyri-adi hadisə topoloji izolyatorlar əsa­sında keyfiyyətcə yeni elektronikanın – spint­ro­nikanın və topoloji kvant kompüterlərinin ya­ra­dıl­masına geniş imkanlar açır. Bu materialların, həmçinin tibbdə və təhlükəsizlik sistem­lərində istifadə olunan "terahers" detektorlarda və kvant kompütinqi əsa­sında işləyən digər yeni nəsil cihaz və qurğularda istifadə olunacağı gözlənilir".

M.Babanlı ölkəmizdə qeyri-üzvi materialşünaslıq sahəsində 50 ildən artıqdır elmi-tədqiqat işlərinin aparıldığını və güclü elmi məktəbin yarandığını qeyd edib. Topoloji izolyator materialları sahəsində sistemli tədqiqatların 2011-ci ildən aparıldığını deyən məruzəçi bildirib ki, bu müddətdə Avropa Birliyinin və Yaponiyanın topoloji izolyatorların nəzəri və təcrübi tədqiqi ilə məşğul olan aparıcı elmi mərkəzləri ilə geniş beynəlxalq əlaqələr qurulub. Görülən işlər AMEA Rəyasət Heyəti tərəfindən dəstəklənib və 2015-ci ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinin müştərək "Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar" bey­nəlxalq laboratoriyası yaradılıb. Natiq vurğulayıb ki, bu laboratoriyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş elmi proqramı çərçivəsində son 3 ildə aparılan birgə tədqiqatların nəticələri Web of Science sisteminə daxil olan yüksək impakt faktorlu jurnallarda çap edilmiş 20-dən artıq elmi məqalədə öz əksini tapıb. Ümumən Azərbaycan alimlərinin topoloji izolyatorlar sahəsində elmi əsərlərinə 600-ə yaxın istinad edilib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Dilqəm TağıyevRasim ƏliquliyevƏhliman ƏmiraslanovNazim MəmmədovVaqif FərzəliyevƏnvər Nəhmədov, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və digərləri çıxış edərək mövzu ətrafında fikir və təkliflərini bildiriblər. 

Suallar cavablandırıldıqdan sonra Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən AMEA-nın Kimya Elmləri və Fizika-Riyaziyyat və Texnika Elmləribölmələrinə topoloji izolyatorlar sahəsində araşdırmaların mul­ti­dis­siplinar xarakterini nəzərə almaqla bu istiqamətdə tədqiqatların koordinasiya edilməsi tapşırılıb. Həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna İspaniyanın Donostia Beynalxalq Fizika Mərkəzi arasında müştərək "Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar" beynəlxalq laboratoriyasının elmi fəaliyyətinin dəstəklənməsi, topoloji izolyatorların kimyası və materialşünaslığı sahəsində beynəlxalq elmi əlaqələrin güc­ləndirilməsi, topoloji izolyatorların və digər Dirak materiallarının kimyası sahəsində magistr və fəlsəfə doktorluğu üzrə kadr hazırlığının gücləndirilməsi və digər istiqamətlərdə tapşırıqlar verilib.

science.gov.az

JURNALLAR
Faydalı linklər