
Mart 05, 2018 | 10:00 / Yubileylər
Martın 6-da ölkəmizdə koordinasion birləşmələr kimyası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, akademik Əjdər Əkbər oğlu Məcidovun 80 yaşı tamam olur.
Əjdər Məcidov 1938-ci il martın 6-da Bakı şəhərində anadan olub. 1960-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib.
1966-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1985-ci ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
1964-1969-cu illərdə SSRİ EA Molekulyar Biologiya İnstitutunda, sonra isə SSRİ EA KFİ-nin Çernoqolovkadakı filialında çalışıb. 1969-1988-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyib, 1988-ci ildən isə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərir. Alim hazırda həmin institututda şöbə və laboratoriya müdiri vəzifələrində çalışır.
Ə.Məcidovun elmi fəaliyyətinin əsas istiqaməti metalların paramaqnit liqandlarla və bir elektronlu oksidləşməyə potensial meyli olan liqandlarla komplekslərinin sintezi, onların quruluşu, xassələri, reaksiyayagirmə qabiliyyəti və katalitik aktivliyinin tədqiqi ilə əlaqədardır. Onun rəhbərliyi ilə aparılmış metalların xelatlaşdırıcı stabil radikallarla komplekslərinin sintezi, onların quruluşu və xassələrinin tədqiqi sahəsindəki tədqiqatlar koordinasion birləşmələr kimyasının və homogen katalizin yeni istiqamətinin yaranması üçün təməl olmuşdur.
Akademik tərəfindən ilk dəfə olaraq tərkibində stabil radikal saxlayan liqandlarla metalların kristallik kompleks birləşmələri sintez edilmiş, onların kristal və molekulyar quruluşu öyrənilmiş, paramaqnit mərkəzlər arasındakı məsafə təyin edilmişdir.
Kimyaçı alim 220-dən artıq elmi əsərin və 25 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 18 fəlsəfə doktoru hazırlanıb.
Ə.Məcidov elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1992-1998-cı illərdə Bakı Dövlət Universitetində, daha sonra isə İstanbul (Marmara) Universitetində mühazirələr oxuyub.
Alim səmərəli elmi və pedaqoji fəaliyyətinə görə SSRİ Kimya Sənayesi Nazirliyinin “Fəxri Fərmanı”na, “Əməkdə fədakarlığa görə” medalına, AMEA Rəyasət Heyətinin “Fəxri Fərman”larına layiq görülüb. 2005-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Akademik Əjdər Məcidovun elmi araşdırmaları beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. O, Beynəlxalq Paramaqnit Rezonansı cəmiyyətinin üzvü seçilib.
Kimyaçı alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!