Xəbərlər
Foto
AMEA-da beynəlxalq əlaqələr üzrə hesabat və təcrübə mübadiləsinə həsr olunan tədbir keçirilib
Mart 02, 2018 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 7090 dəfə

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr üzrə hesabat və təcrübə mübadiləsinə həsr olunan tədbir keçirilib.

Tədbirdə idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva çıxış edərək bu formatda görüşün ilk dəfə baş tutduğunu söyləyib. O, son 2 il ərzində akademiyanın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələrinin təkmilləşdirilməsi və peşəkarlaşdırılması istiqamətində əməli tədbirlərin görüldüyünü bildirib.

E.Əlirzayeva daha sonra AMEA-nın elmi bölmələrindən Beynəlxalq əlaqələr idarəsi ilə ən sıx əməkdaşlıq edən, həmçinin beynəlxalq əlaqələri yüksək səviyyədə olan institutların şöbə müdirlərinin təqdimatla çıxış edəcəyini diqqətə çatdırıb.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar MusayevKataliz və Qeyri-üzvi Kimya İnstitutunun Beynəlxalq əlaqələr, innovasiyalar və qrant layihələri şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə MəmmədovaƏdəbiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyeva və Hüquq və İnsan Haqları İnstitutunun Təhsil və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Racıv Qurbanov çıxış edərək təmsil etdikləri qurumların ötən illər ərzində gördükləri işlərdən və beynəlxalq təcrübələrindən danışıblar. Qeyd olunub ki, son illərdə Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyası, qlobal rəqabət mühitində fəaliyyət, eləcə də multidissiplinar tədqiqatlar və qrant layihələrdə iştirak istiqamətində bir sıra işlər görülüb. Bundan əlavə, bildirilib ki, BMT-nin, Avropa Birliyinin, MDB ölkələrinin elmi təşkilatları ilə, o cümlədən AMEA-nın beynəlxalq əlaqələri və müqavilələri əsasında müştərək proqramlar yerinə yetirilib.

Daha sonra Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşları - Firuzə Xəlilova, Günay Cəfərova və Məlahət Qurbanova "AMEA-nın elmi müəssisələri ilə əlaqə vasitələri, problemlər və perspektivlər" mövzusunda təqdimatla çıxış ediblər.

Sonda beynəlxalq təcrübə və əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

science.gov.az

JURNALLAR
Faydalı linklər