Xəbərlər
Azərbaycan elmi dünyada tanınır
İyl 18, 2016 | 12:30 / Nəşrlər
Oxunub 5214 dəfə

“Applied and Computational Mathematics” öz reytinqini qoruyur.

Doğulub böyüdüyü, vətəndaşı olduğu ölkəsini dünyada tanıtmaq hər bir kəsin borcudur. Bu şərəfli missiyanı yerinə yetirmək isə az-az adamlara nəsib olur. Bu mənada elm adamlarının üzərinə daha böyük məsuliyyət, çiyinlərinə daha ağır yük düşür. Azərbaycan elmi dünya elminə həmişə töhfələr verib. Yaşadığımız dövrlərin çətinliklərinə baxmayaraq, nə yaxşı ki, bu ənənəni yaşadanlar bu gün də var...

Azərbaycanda nəşr olunan elmi, ictimai jurnalların bugünkü durumu, onların dünyada tanıdılmasında alimlərimizin rolu, alınan nəticələr, görüləcək işlərdən söhbət açmaq istəyirik yenə də. Həmsöhbətimiz isə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, dünyada çap olunan elmi jurnallar sırasında getdikcə yerini möhkəmləndirən “Applied and Computational Mathematics” jurnalının baş redaktorlarından biri akademik Fikrət Əliyevdir.

— Bizim tez-tez bu mövzuya müraciət etməyimiz bəlkə də kimlərəsə qəribə gələ bilər. Ancaq düşünürəm ki, bir xalqı, milləti dünyada tanıtmaq işində elmin yeri, gücü əvəzsizdir. Əgər söhbət müstəqil, gənc bir dövlətin elmindən gedirsə, bu barədə danışmaq indi həmişəkindən daha çox gərəkdir...

— Tamamilə doğrudur. Azərbaycanda elmi istiqamətlər həmişə dünya elminin aparıcı istiqamətlərindən olub. Sovetlər birliyi dövründə elmimiz də müəyyən mənada müstəqil deyildi, aparılan tədqiqat işlərinə, dünyaya çıxış və s. məsələlərdə məhdudiyyətlər var idi. Lakin buna baxmayaraq, həmin dövrdə də bizim elmimizin müxtəlif istiqamətləri güclü inkişaf etmiş, kimya, fizika, riyaziyyat... sahəsində müəyyən nailiyyətlər əldə olunmuşdu. Lakin alimlərimizin çox az qismi aldıqları nəticələri dünya səviyyəsində tanıda bilmişdilər. Bu nəticələr çox vaxt sovet elminin uğuru kimi təqdim olunurdu. Elm adamlarını məhz bu məhdudiyyətlər bir növ qapalı vəziyyətdə saxlayırdı. O dövrdə xarici ölkələrə, beynəlxalq elmi konfranslara yalnız Moskvanın icazəsi ilə getmək olurdu ki, bu da çox üzücü bir proses idi.

Müstəqillik dövründə təbii olaraq elmin özündə də dəyişikliklərə zərurət yarandı. Artıq alimlərimizin tədqiqat işləri azad formada, dünyaya inteqrasiya şəratində aparılır, inkişaf etmək, dünya elmində layiqli yer almaq kimi istəklər meydana çıxırdı. Təəssüf ki, müstəqilliyimizin ilk illərində elm adamlarının, aparıcı alimlərin çoxu xarici ölkələrə gedib orada işləməyə üstünlük verdilər. Düşünən beyinlərin xarici ölkələrə axını başladı. Əsas yük burada qalanların üzərinə düşdü...

Bilirsiniz, yaxşı nəticə almaq olar, lakin onu tanıtmaq lazımdır. O nəticələr dünyanın tanınmış, nüfuzlu dərgilərində çap olunmalı, dünyaya təqdim edilməlidir ki, bu da həmin dövrdə çox çətin idi. Bax, belə bir vəziyyətdə alimlərimiz “Azərbaycan elmində alınan nəticələrin dünyada tanınması üçün nə etməli?” sualına cavab axtarmağa başladılar. Bir şeyi də qeyd edim ki, artıq dünya elminin özündə də monopolizm yaranmış, bu sahədə prioritetlər müəyyən qrupların əlinə keçmişdi. Bu, indi də davam edir və yəqin hələ uzun müddət də davam edəcək.

Bunu nəzərə alaraq, bir qrup alim yekdil qərara gəldi: özümüzün beynəlxalq səviyyəli jurnalımız olsun. Əslində bu, bizim üçün yenilik deyildi, çünki hələ 80-90-cı illərdə Azərbaycanın dünyada tanınan, bugünkü dəyərləndirmə baxımından desək, Thomson Reutersin siyahısına daxil olan jurnallarımız olmuş və o zaman tanınan alimlərimizin dünyaya çıxışında mühüm rol oynamışdı. Bugünkü qiymətləndirmə sistemini nəzərdən keçirdikdə görürük ki, Azərbaycan elminin bu sahədə ənənəsi olub. Lakin bu uğuru əldə saxlamaq və davam etdirmək mümkün olmadı.

— Fikrət müəllim, qiymətləndirmə sisteminin bugünkü mənzərəsi elmimizin dünəni barədə nəyisə əks etdirirsə, onda onun indiki vəziyyətini də aydın görmək olar.

— İstənilən işin qiyməti verilir, eləcə də elmi işlər, onun nəticələri də öz qiymətini alır. Bu işi qiymətləndirmə sistemləri həyata keçirir. Bu gün çox sayda qiymətləndirmə sistemi var. Elmi qiymətləndirmənin ən mötəbər sistemi isə baş ofisi ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Thomson Reuters” Agentliyidir. Dünyanın 140-dan çox ölkəsi həmin sistemə qoşulub, hazırda dünyada nəşr olunan 150 mindən çox elmi jurnalın isə cəmi 17 minə qədəri onun siyahılarına daxildir.

2002-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis edilən “Applied and Computational Mathematics” jurnalının nəşrinə başlayarkən ən böyük məqsədimiz Thomson Reuters Agentliyinin bazalarına daxil olmaq olub.

Nəşrin redaksiya heyətinə dünyanın 20-dək ölkəsini təmsil edən tanınmış alimlər cəlb olunublar. İldə üç nömrəsi çap olunan jurnalda müasir nəzəri və tətbiqi riyaziyyatın aktual istiqamətlərində alınmış ən son elmi nəticələr dərc edilir.

Jurnal nəşrə başlayandan bir qədər sonra 2008-ci ildə Thomson Reuters-in genişlənmiş siyahısına daxil edildi, dünyanın elmi ictimaiyyəti ilə əlaqələr genişləndi. 2010-cu ildə jurnala impakt faktoru, keyfiyyət dərəcəsi verildi və bununla da jurnala münasibət tamam dəyişildi, dünya elmi ictimaiyyətinin, alimlərin müraciətləri artdı. İndi redaksiyanın dünyanın 50 ölkəsinin 300-ə yaxın elm və təhsil müəssisəsi ilə əlaqəsi var.

Onu da qeyd etmək istəyirəm ki, jurnalın inkişafı istiqamətindəki iş çoxşaxəlidir. Məsələn, jurnalı dünyanın tanınmış alimlərinin diqqətində saxlamaq, onu keyfiyyətli məqalələrlə təmin etmək üçün biz artıq beynəlxalq səviyyədə tanınan “Control and Optimization With İndustrial Applications” konfranslar seriyasını da RYTN-nin dəstəyi ilə uğurla keçiririk. Bakıda, Ankarada, Sofiyada keçirilən bu konfranslar da öz növbəsində elmimizi və ümumiyyətlə, Azərbaycanı dünyada tanıtmaq kimi vacib işə öz töhfəsini verir.

Uğurlarımız getdikcə artır. Azərbaycan Təhsil Nazirliyi Thomson Reuters Agentliyinin elmi bazasını almağa müvəffəq olub ki, bu da elmimizin uğuru sayıla bilər. Bu yaxınlarda Thomson Reuters Agentliyinin Elmi İnformasiya İnstitutunun 2015-ci il üçün hesabatı açıqlanıb. Hesabatın bir bölməsində dünyada çap olunan elmi jurnalların reytinq siyahısı dərc edilib. Bu siyahıda Azərbaycanı yeganə elmi nəşr “Applied and Computational Mathematics” (“Tətbiqi və Hesablama Riyaziyyatı”) jurnalı təmsil edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan və Thomson Reuters Agentliyinin son reytinq cədvəlinə əsasən impakt faktoru 0,717-yə yüksəlmiş bu jurnal MDB məkanında ilk üçlüyə, Şərqi Avropa regionu üzrə isə ilk beşliyə daxil olub. Bu fakt Azərbaycan elminin dünyada tanınması və qəbul edilməsi deməkdir.

— Fikrət müəllim, bu münasibətlə biz də sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar diləyirik... Bu faktın özü alimlərimizin qarşısında da yeni imkanlar açır, Azərbaycanda nəşr olunan elmi jurnallar üçün stimul yaradır. Belə deyilmi?

— Açığını deyim ki, bu sahədə alimlərimizin fəaliyyəti məni o qədər də qane etmir, gec-gec çap olunurlar. Onlar ya məqalələrini təqdim etmir, ya da müsbət rəy almadıqda iş üzərində təkrar işləmək, onu daha da təkmilləşdirmək işini ləngidirlər. Azərbaycanda nəşr olunan elmi jurnalların vəziyyəti də ürəkaçan deyil. Doğrudur, son illər meyillər bir qədər dəyişib, müəyyən nailiyyətlər var. Thomson Reutersin siyahısına daxil olan jurnallar iki qismə bölünür: keyfiyyət dərəcəsi alan və keyfiyyət dərəcəsi almaq üçün seçilən jurnallar.

Bu gün Azərbaycanda 360-dan çox elmi jurnal nəşr olunur. Biz “Thomson Reuters”in tövsiyəsi ilə bu jurnallar arasında monitorinq apardıq. Bəlli oldu ki, həmin jurnallardan yalnız 17-si Thomson Reuters Agentliyinin texniki şərtlərini ödəyə bilir. Quruma təqdim olunan 17 jurnaldan isə yalnız 4-ü seçilərək genişlənmiş siyahıya daxil edilib. Bunlar “Riyaziyyat Mexanika İnstitutunun əsərləri”, Azərbaycan Riyaziyyat Cəmiyyətinin “Azerbaijan Journal of Mathematics” jurnalıdır. 3-cü jurnal Qazaxıstanla birgə bizim İnstitutda nəşr olunan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “TWMS Journal of Pure and Applied Mathematics” jurnalı, 4-cü isə Xəzər Universitetinin ictimai-siyasi elmlər üzrə nəşr etdiyi jurnalıdır. Bu sıraya ictimai-siyasi jurnalın daxil olması isə doğrudan da böyük hadisədir və mən buna çox sevinirəm. Çünki həmin jurnal Azərbaycanın siyasət sahəsində uğurlarına müəyyən mənada imkan yarada bilər. Hazırda bədnam qonşularımızın təsiri altında olan bu xarakterli bir jurnal Thomson Reuters Agentliyinin siyahısındadır və onlar Qərbi və Cənubi Azərbaycan toponimlərini, demək olar ki, yavaş-yavaş dəyişirlər. Dünya elmi ictimaiyyəti isə Thomson Reuters Agentliyinin siyahısında olan jurnallara istinad edir. Bu mənada mən ictimai elmlər sahəsində çalışan alim həmkarlarımdan çox şey gözləyirəm.

İstər alimlərimizin passivliyi, istərsə də çap olunan elmi jurnalların səviyyəsinin aşağı olması başqa bir zərurəti meydana çıxarır: Elm müəssisələrinə nəzarət mexanizmi gücləndirilməli, gənc kadrların elmə cəlb olunması işi sürətləndirilməlidir. Elmimizin gələcəyi naminə bunu etməliyik.

— “Applied and Computational Mathematics” jurnalının 14 yaşı tamam olur, bu illərdə uğurlarınız çox olub. Bu uğurların arxasında redaksiyanın yaradıcı heyətinin gərgin əməyi durur. İstərdim ki, bir qədər də bu işdə əməyi, xidməti olanlardan danışaq...

— “Tək əldən səs çıxmaz” deyib atalar. Bizim güclü redaksiya heyətimiz var, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən diqqət və qayğı ilə əhatə olunuruq. Bütün bunlar kifayət deyil. Bu illərdə formalaşan redaktorların və işçi qrupun köməyi olmadan biz heç nə edə bilmərik. Jurnalın bütün işi məhz bu insanların üzərinə düşür. Jurnalın vaxtlı-vaxtında çap olunması, redaksiyaya daxil olan yazıların seçilməsi, onların jurnalın yazı üslubuna uyğunlaşdırılması, ortaya çıxan mübahisəli məsələlərin həlli və s. böyük zəhmət tələb edən işlərdir. Fürsətdən istifadə edib öz kolleqalarıma da minnətdarlığımı bildirmək istəyirəm. Bizi qarşıda hələ böyük işlər gözləyir. Mən onlara inanır, güvənirəm. Düşünürəm ki, seçimimizdə yanılmamışıq, jurnalın hər bir uğurunda onların öz payı var. Ustad Şəhriyar demiş:

Bizdən qabaqdadır avropalılar,

İşi, iş bilənə tapşırır onlar...

— Fikrət müəllim, siz müsahibəmizə bir qədər kövrək not gətirdiniz. Bəli, bu bir həqiqətdir, işi iş bilənlə görmək. Bu mənada bir elm müəssisəsinin rəhbəri, cəfakeş alim, təşkilatçı kimi sizin də öyünməyə haqqınız var. Arzu edirəm jurnalınızın 15 yaşını daha böyük nailiyyətlərlə qeyd edəsiniz.

"Respublika" qəzeti, 14 iyul 2016-cı il

JURNALLAR
Faydalı linklər