Xəbərlər
Azərbaycan uzunömürlülüyün populyasiya fenomeni olan ölkələrdəndir
Fev 16, 2018 | 14:00 / Maraqlı məlumatlar
Oxunub 4198 dəfə

"Azərbaycan dünyada uzunömürlülüyün populyasiya fenomeni kimi təmsil olunduğu nadir regionlarındandır".

Bu sözləri AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiy­yə­tinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxışı zamanı deyib. Alim bildirib ki, uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt şəkildə yaşaması müasir beynəlxalq təcrübəyə əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar açır.

U.Haşımova vurğulayıb ki, dünya əhalisinin getdikcə qocalması fenomeni, sağlam və ya "fizioloji qocalma" haqqında biliklərin genişləndirilməsinə və dərinləşdirilməsinə imkan yaradan kompleks tədqiqatların aktuallığını ön plana çəkir.

Uzunömürlülük fenomeninin kompleks tədqiqi üçün unikal imkanların olduğunu deyən institut direktoru bildirib ki, herontologiya 2015-ci ildə AMEA-nın rəhbərliyi tərəfindən respublika elminin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tapşırığa əsasən, qocalmanın biologiyası ilə xüsusi tədqiqat proqramı hazırlanıb. U.Həşimova vurğulayıb ki, rəsmi demoqrafik məlumatların təhlili və yüksək uzunömürlülük indeksinə malik rayonlarda tibbi-bioloji tədqiqatların aparılması bu proqramın tərkib hissələridir.

Alim statistik məlumatların təhlilinin ölkədə uzunömürlülüyün coğrafiyasını müəyyən etməyə və müvafiq xəritənin tərtibinə imkan verdiyini söyləyib.

Araşdırmanın nəticələrini diqqətə çatdıran alim Azərbaycanda uzunömürlülüyün demoqrafik aspektlərindən danışıb: "Uzunömürlülük ayrı-ayrı rayonlarda müxtəlif səviyyədə müşahidə olunur. Rayonlararası fərqlər kifayət dərəcədə qabarıq olaraq ən aşağı 3,4 faizdən ən yuxarı 53,8 faizə qədər diapazonda dəyişir. Ölkə üzrə ən aşağı uzunömürlülük indeksləri Abşeron iqtisadi zonası, cənub-şərq və cənub-qərb bölgələrinin bəzi rayonlarında qeydə alınır. Ən yüksək göstərici əsasən ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunur. Şəhərlərdə uzunömürlülük indeksi rayonlar ilə müqayisədə daha aşağıdır. Coğrafi cəhətdən yaxın rayonlarda isə bu göstəricilər oxşardır".

science.gov.az

JURNALLAR
Faydalı linklər