Xəbərlər
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Dek 11, 2017 | 15:28 / Konfranslar, iclaslar
Oxunub 1272 dəfə

Dekabrın 11-də AMEA Rəyasət Heyətində “Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqətdən söz açıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqust plenumundakı çıxışını xatırladan AMEA rəhbəri dahi liderin plenumda qaldırdığı məsələlərin onun strategiyasını, uzaqgörənliyini müəyyənləşdirdiyini və həmin iclasda Azərbaycanın bugünkü inkişafının təməlinin qoyulduğunu bildirib.

"Akademiyanın inkişafının böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır", - deyən akademik A.Əlizadə bildirib ki, AMEA-da Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən ulu öndərin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində ötən əsrin 70-ci illərində Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf edib, astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm nailiyyətlərə imza atılıb. AMEA rəhbəri, həmçinin ümummilli lider Heydər Əliyevin elm xadimlərinə, alimlərə olan diqqət və qayğısından söz açıb.Akademik A.Əlizadə görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil ölkəmizin daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləyib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb.

Anım tədbirində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib. Ulu öndərin elmi-ideoloji mühitlə bağlı gördüyü işlərdən danışan akademik İsa Həbibbəyli azərbaycançılıq ideologiyasının, bu konseptual vəzifənin məhz ümummilli lider Heydər Əliyevin adıyla bağlı olduğunu qeyd edib, azərbaycançılığın milli ideyadan dövlət ideologiyası səviyyəsinə qaldırılmasının onun əvəzsiz xidmətlərindən olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti Heydər Əliyevin xidmətləri və qayğısı sayəsində xalq tarixinə, milli adət-ənənələrimizə sadiq nümunələrin meydana gəldiyini, yeni məktəblərin formalaşdığını, dünya azərbaycanlıları anlayışının yarandığını və eyniadlı qurultayın keçirildiyini, Azərbaycan dilinin qorunması və təkmilləşdirilməsinə başlanıldığını, milli dövlətçiliyimizə göstərilən qayğının bariz nümunəsi olaraq Azərbaycan ədiblərinə verilən qiymətin dəyişdiyini vurğulayıb.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov "Heydər Əliyev və Yeni Azərbaycan Partiyası" mövzusunda məruzəylə çıxış edib. Azərbaycan dövlətinin həyatında həlledici rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqa xidmətlərindən bə​hs edən komitə sədri Ümummilli liderin Azərbaycanın çətin dönəmlərində bütün maneələrə baxmayaraq xalqı bu vəziyyətdən çıxara bildiyini deyib.

Məruzəsində Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən danışan natiq partiyanın bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini dilə gətirib.

Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Heydər Əliyev və İslam həmrəyliyi" mövzusunda məruzəylə çıxış edib. Görkəmli dövlət xadimimizin dünyanın hər yerində anılan bir şəxsiyyət olduğunu deyən Mübariz Qurbanlı Ulu öndərin anım gününün bir çox ölkədə qeyd edildiyini bildirib. Dövlətimizin söykənəcəyi ideoloji prinsipləri əvvəlcədən müəyyənləşdirən Ümummilli liderin yaratdığı bu prinsiplərin əbədi olduğunu vurğulayan Mübariz Qurbanlı mərhum liderin Azərbaycan xalqı üçün böyük bir irs qoyduğunu diqqətə çatdırıb.

science.gov.az

JURNALLAR
Faydalı linklər