Xəbərlər
Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib
İyl 12, 2016 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 4993 dəfə

İyulun 12-də AMEA Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən tədbirdə AMEA-nın vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvləri, elmi problemlər üzrə şuraların sədrləri iştirak ediblər.

İclası Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri, akademik Akif Əlizadə açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İlk olaraq “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi barədə məlumat verilib. Ölkədə elmin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu deyən akademik Akif Əlizadə bildirib ki, dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. AMEA rəhbəri Azərbaycanda elmin zəngin tarixi və ənənələrinin olduğunu qeyd edib: "Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində ərsəyə gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni tərəqqisinə böyük xidmətlər göstərib, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr veriblər".

Akademiyanın sürətli inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən natiq ulu öndərin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. A.Əlizadənin sözlərinə görə, ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan verib.

Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqdakı proqram xarakterli çıxışını xatırladan akademik Akif Əlizadə dövlət başçısının Azərbaycan elminin inkişafı ilə bağlı müəyyən etdiyi hədəflər, qaldırdığı problemlər və qarşıya qoyduğu vəzifələrin hazırda AMEA-nın gələcək fəaliyyət proqramının əsasını təşkil etdiyini bildirib. Qeyd edib ki, ölkə rəhbərinin irəli sürdüyü elmi prioritetləri, elmin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrini rəhbər tutaraq, habelə Milli Strategiyanın icra müddətinin başa çatmasını və Strategiyada göstərilən əsas məsələlərin bu gün də aktual olduğunu nəzərə alaraq, AMEA-nın müvafiq dövlət qurumları ilə birlikdə elm sahəsində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutan "Azərbaycan elminin inkişaf doktrinası"nın ilkin layihəsi hazırlanıb.

Akademik Doktrinada ölkəmizin mövcud elmi-texniki potensialının xalqımızın milli sərvəti kimi qorunması və möhkəmləndirilməsi, elm sahəsində islahatların aparılması, elmin ölkənin iqtisadi inkişafında rolunun artırılması, ölkənin dayanıqlı inkişafının, o cümlədən enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks elmi tədqiqat işlərinin davam etdirilməsi və digər mühüm müddəaların yer alacağını diqqətə çatdırıb.

Sənədin layihəsi ətrafında müzakirələr aparılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru, texnika üzrə elmlər doktoru Havar Məmmədov və digərləri çıxış edərək Doktrinanın ölkəmizdə elmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini, dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsiplərinin əks olunduğunu qeyd ediblər, təklif və tövsiyələrini səsləndiriblər.

Tədbirdə 2016-cı il üçün doktorantura və dissertanturaya qəbul planı da müzakirə olunub. AMEA rəhbəri Akif Əlizadə bildirib ki, Akademiyada təhsilin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən biri də doktorantura və dissertanturaya qəbulun yeni tələblər əsasında həyata keçirilməsidir. Cari il üçün fəlsəfə doktoru proqramı üzrə 93, elmlər doktoru proqramı üzrə isə 41 yerin ayrıldığını deyən akademik qəbulun müvəffəqiyyətlə həyata keçirildiyini qeyd edib.

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov fizika, iqtisadiyyat, sənətşünaslıq və memarlıq, həmçinin torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə elmi şuraların tərkiblərindəki dəyişiklikləri diqqətə çatdırıb.

Sonra qeyd olunan məsələlər ilə bağlı müvafiq qərarlar qəbul edilib.

JURNALLAR
Faydalı linklər