Xəbərlər
Atmosfer Çirklənməsi
Okt 26, 2017 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 8047 dəfə

Hava kirliliyi dedikdə havanın tərkibindəki, ekosistemin təbii balansını pozan, böyük konsentrasiyalarda bitki, heyvan və insanlar üzərində arzuolunmaz təsirlər göstərən faktor sayıla biləcək maddə və hissəciklərin cəmi başa düşülür. Havanı zəhərləyən maddələr bərk, maye və qaz halda olub, yerli, regional və qlobal xarakter daşıya bilər.

Böyük şəhərlərdə hava kirliliyinin başlıca səbəbi fotokimyəvi smoq hesab edilir. Smoq sözü "smoke" və "fog" sözlərinin birləşməsindən yaranıb. İlk olaraq bu sözdən Londonda kömürün yanma məhsullarının səbəb olduğu hava kirliliyini adlandırmaq üçün istifadə olunmuşdur. Smoq fotokimyəvi xarakterlidir, çünki onun tərkibindəki bir çox birləşmələr günəş şüalarının səbəb olduğu reaksiyaların məhsullarıdır. Şəhər havasında günəş şüalarının təsiri ilə əmələ gələn maddələrdən biri də ozondur. Ozonun böyük konsentrasiyalarda havanın yuxarı təbəqələrində mövcud olması, planetimizi günəşdən gələn ultrabənövşəyi şüaların təsirindən qoruması məlumdur. Stratosferdə yerləşən ozonun bu növü stratosfer ozonu adlandırılır. Atmosferin aşağı qatlarında mövcud olan və troposfer ozonu adlandırılan ozon isə ağ ciyərlərə qıcıqlandırıcı təsir edir və sağlamlıq üçün təhlükə törədir. Ozonun bu təbəqədəki ifrat konsentrasiyası bitkilərin məhsuldarlığının və meşə sahələrinin azalmasının səbəbkarıdır. Troposfer ozonu və digər fotokimyəvi tullantılar şəhər havasında azot oksidlərinin iştrak etdiyi reaksiyalardan əmələ gəlirlər. Azot oksidləri daxili yanma mühərriklərində yanmanın yan məhsulu olaraq əmələ gəlirlər. Belə ki, yanmanın baş verdiyi şəraitdə havanın tərkibində olan azot oksidləşib azotun müxtəlif oksidlərini əmələ gətirir.

Havanın tərkibində mövcud olan karbohidrogenlər atmosferə təbii mənbələrdən, emal prosesində mövcud sızmalardan həmçinin həlledici və yanacaq kimi tətbiq edildikləri yerlərdən buraxılırlar. Fotokimyəvi smoqun tərkibindəki azot oksidləri və kabdohidrogenlərin iştrak etdikləri reaksiyalardan təkcə ozon yox, həm də aldehidlər, hidrogen peroksid, nitrat turşusu və digər az uçucu birləşmələr əmələ gəlir ki, bunlar da atmosferdə smoq olaraq toplanırlar. Bu birləşmələrin canlı orqanizmlərə təsiri isə olduqca mənfidir.

Bərk və maye halda atmosferdə mövcud olan hissəciklərin dörd növü fərqləndirilir. Bunların hamısı diametri 1-10 nm arasında olan, havada uzun müddət asılı qala bilən hissəciklərdir. Ölçüsü kiçik olan hissəciklər sağlamlıq üçün daha təhlükəlidirlər.

Ölçüsü 1 mkm olan hissəciklər atmosferdə daha çox asılı qala bilirlər. Məsələ burasındadır ki, 1 mkm-dən daha böyük olan hissəciklər qravitasiyanın təsiri ilə tədricən çokürlər. 1 mkm-dən daha kiçik olanlar isə tədricən bir biri ilə birləşir, böyüyür sonra çökürlər. Diametri 1mkm olan hissəciklər isə havada bir həftə və daha çox müddət asılı halda qala bilirlər. Saxara səhrasından olan və Asiya mənşəli olduğu isbat edilmiş hissəciklərin ABŞ atmosferində aşkar edilməsi bu fakti təsdiq edir. Nəticə etibarı ilə belə hissəciklər həm kontinental həm də qlobal səviyyədə çirklənməyə səbəb olurlar.

Küləklə havaya qalxan toz hissəciklərinin diametri 10mkm-dən böyük hesab olur. Burada diqqət çəkən bir digər məqam isə hissəciklərin səthinə müxtəlif kimyəvi birləşmələrin hopmasıdır. Bu halda onaların zədələyici təsiri müxtəliflik qazanır.

Havada olan kükürd tərkibli birləşmələr bir neçə ardıcıl kimyəvi çevrilmələr ilə kükürd (IV) oksiddən əmələ gəlir. Adı çəkilən sonuncu maddə isə kükürdlü yanacaqların yanma məhsullarından biridir. Analoji olaraq azot tərkibli birləşmələr azot oksidlərindən bir neçə ardıcıl çevrilmə ilə alınırlar. Havaya daxil olan Azot və Kükürd oksidləri su buxarı ilə qarşılıqlı təsirdə olub müvafiq turşuları əmələ gətirilər. Bu maddələr isə turşu yağışları ilə torpağa qayıdırlar.

Atmosferin kontinental və qlobal səviyyədə çirklənməsi bu maddələr ilə məhdudlaşmır. İstixana effektinə səbəb olan qazların atmosferə buraxılması iqlim dəyişikliklərinə, Strotosferə çatan ozondağıdıcı maddələr qütblərdə ozon dəliyinin yaranmasına səbəb olur. Vulkan püskürmələri və yanğınlar zamanı atmosferə qalxan qazlar da atmosferi çirkləndirən maddələr ilə zəngin olur. Asılqan tipli müxtəlif hissəciklər iqlimə və yağıntılara öz təsirini göstərir. Bütün bu faktorların fonunda hava kirliliyi ilə mübarizə atmosfer kimyasına daha təkmil yanaşma tələb edir. Bu yanaşma yerli, regional, kontinental və qlobal xarakterli olmalıdır.

JURNALLAR
Faydalı linklər