Xəbərlər
Qızıl niyə bu qədər dəyərlidir?
Okt 25, 2017 | 09:50 / Maraqlı məlumatlar
Oxunub 6038 dəfə

Qızıl min illərdir dəyəri yüksək olan bir metaldır. Onun dəyərli olmasının səbəblərindən paslanmamasını və dünyada az tapılmasını qeyd etmək olar. Dəyərli olması səbəbi ilə qızıl təkrar emalı ən çox aparılan maddələrdəndir.

Kainatda da qızıl azdır. Kainatın kütləcə 98%-i hidrogen və heliumdur. Yerdə qalan bütün elementlər sadəcə iki faizdir. Qəribə səslənsə də elmi araşdırmalar belə deyir. Çox böyük ulduzlar enerjilərini istifadə edib "qırmızı nəhəng" olanda onların mərkəzində qızıl və başqa metallar əmələ gəlir. Ulduzlarda hidrogen nüvələri bir-biri ilə birləşərək helium atomlarına çevrilir və enerji hasil edirlər. Bu bir nüvə reaksiyasıdır. Ölçücə böyük olan ulduzların nüvələrində enerji çox yüksək olduğu üçün nüvələrin birləşməsi davam edir və qızıl kimi daha böyük elementlər əmələ gələ bilir. Bizə ən yaxın ulduz sayılan günəşdə də eyni proseslər baş verir. Ulduz nüvələrində əmələ gələn ağır elementlər ulduz partlayışları zamanı kainata yayılır. Yer planetində qızılın az olma səbəbi  yerin yaranması zamanı ətrafında çox az qızılın olmasıdır.

Dünyada az olan metallar qızıl, platin, palladium, trotium və iridiumdur. Yer kürəsində emal olunmuş bütün qızılın 170.000 ton  olduğu hesab edilir. Dünyada emal olunmuş metalın hamısını əridib bir qəlibə töksəydik eni, uzunluğu və hündürlüyü 21 metr olan bir kub qədər həcm tutardı. Bu kubun hündürlüyü yeddi mərtəbəli bir binanın hündürlüyü qədər olardı. Qızılın sıxlığı 19,3 q/sm3-dir Bu hesabla eni, uzunluğu və hündürlüyü təqribən iki qarış olan qızıl bir ton olur. Buna baxmayaraq biz bir çox filmlərdə soyğunçuların bir çemodan dolusu yəni təqribən yarım ton qızıl külçəni əllərində daşıdıqlarını görürük.

Qızıl e.ə 6000-ci illərdən məlumdur. Qızılın işlənib istifadəmizə daxil olması isə e.ə 3500-cü illərə təsadüf edir. Qədim zamanlarda qızıl çöllərdə külçə halında təsadüfən tapılırdı. Şumerlər qızılın emal üsullarını kəşf etdikdən sonra onun istifadəsi də artdı. Şumerlər gümüş və mis qataraq qızılın əyyarını dəyişdirməyi də öyrənmişdilər. Mesopotamiya ərazisində ən çox qızıl çıxarıb işləyən ölkə Misir idi. Saxta qızıl istehsalının qarşısını almaq məqsədi ilə fironlar qızılın yerli əhali tərəfindən əridilib emal edilməsini qadağan etmişdilər. Misir fironu Tutonxamonun qızıl taxtı e.ə 100-cü illərdə dünya qızıl sənətinin ən yaxşı nümunələrindən sayılmalıır. Arximedin kral Hiero üçün qızılın saflığını necə yoxladığı yəqin ki, hər kəsə məlumdur.

Dünyada ilk qızıl pul Lidyalılar tərəfindən e.ə 640-cı illərdə Anadolunda kəsilib. Türkiyənin Ege bölgəsində başlayan qızıl sikkə kəsimi sonralar bütün dünyaya yayıldı. Saf qızıla 24 əyyar deyilir. Bunun mənası odur ki, 24 qramlıq  bir külçənin 24 qramı da saf qızıldır. Qızılın əyyarı 14 olanda bu o demək olur ki, onun içində 14 qram qızıl və qalan miqdar başqa bir metal var. Bu qızıl nümunəsində qızılın faizlə miqdarı 58,5 hesab edilə bilər.  Keçmişdə qızıl alveri edənlər qızılın çəkisini latınca "keratoin" adlanan meyvənin dənələri ilə çəkirdilər. Bu gün də ölçü olaraq istifadə olunan karat kəlməsi məhz bu sözdən gəlir.

Qurğuşunu və  civəni qızıla çevirməyə çalışanlara Simyacı deyirdilər. Orta əsrlərdə onlar həm də ölümsüzlük iksiri hesab edilən "ab-i-həyat" da hazırlamağa çalışırdılar. Avropada sehrbazlıqla məşğul olduqları üçün onlar yandırılıb edam edilirdilər. Bu səbəbdən onlar gizli işləməyə məcbur idilər. İsaak Nyuton özü də onlardan idi. Dəmir kimi paslanaraq yox olmadığı üçün qızıl ölümsüz hesab edilirdi. Bu səbəblə də ölümsüzlüyün qızıl metalında gizli olduğuna inanalar çox idi. Bəzi Çin imperatorlarının ölümsüz olmaq üçün yeməklərinə qızıl qatdıqları məlumdur. Hindistanda isə bu gün də bəzi bahalı şirniyyatların üzərinə nazik qızıl və ya gümüş təbəqəsinin çəkilməsi bu inancın qalığıdır.

JURNALLAR
Faydalı linklər