Xəbərlər
Azərbaycanlı alimlərin məqaləsi ABŞ-ın yüksək impakt faktorlu jurnalında çap olunub
Yan 29, 2016 | 12:29 / Nəşrlər
Oxunub 5373 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun (KQKİ) əməkdaşları - AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının və k.ü.f.d. Ziya Əliyevin İtaliya, İspaniya, Fransa, Rusiya və Polşa alimləri ilə birgə apardıqları multidissiplinar tədqiqatlarının nəticəsi olan “Topoloji izolyatorlarin səth halı vasitəsilə reallaşan plazma-dalğa teraherz aşkarlama” adlı məqaləsi Amerika Kimya Cəmiyyətinin yüksək impakt faktorlu (13.592) "Nano Letters" jurnalının 2016-cı il yanvar nömrəsində nəşr olunub.

Məqalədə KQKİ-də alınmış yeni nəsil qeyri-üzvi materialların - topoloji izolyatorların terahers detektorlarda istifadəsinin mümkünlüyü göstərilib. Bu tip terahers detektorların yaxın gələcəkdə təhlükəsizlik sistemlərində və tibbdə hazırda istifadə olunan skanəedici rentgen qurğularını əvəz edəcəyi gözlənilir.

"Nano Letters" indiyədək Azərbaycan elm və təhsil müəssisələri əməkdaşlarının elmi əsərlərinin çap olunduğu ən yüksək impakt faktorа malik jurnaldır.

Qeyd edək ki, topoloji izolyatorların alınması və tədqiqi sahəsində müəlliflərin son illər ərzində beynəlxalq kollaborasiya şəraitində apardıqları tədqiqatların nəticələri yüksək impakt faktorlu "Nature Communications" (impakt faktor 11.470), "Physical Review Letters", "Nano Researchs", "Journal of Physical Chemistry C", "Physical Review B", "New Journal of Physics",  "Journal of Alloys and Compounds" və s. jurnallarda 20-dən artıq məqalədə öz əksini tapıb. 

JURNALLAR
Faydalı linklər