Xəbərlər
FotoVideo
Geokimya sahəsində tanınmış alim, Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
İyn 14, 2017 | 12:58 / Mühüm hadisələr
Oxunub 5040 dəfə

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA Kimya Elmləri və Yer Elmləri Bölmələrinin birgə təşkilatçılığı ilə görkəmli alim Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Heydər Əfəndiyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti,  institutunun direktoru akademik Dilqəm Tağıyev açdı. O, Azərbaycan geokimya elmi tarixində xüsusi yer tutan alimin həyat yolundan, elmi fəaliyyətindən, kimya sahəsinə gətirdiyi yeniliklərdən və qazandığı nailiyyətlərdən danışdı. Akademik qeyd etdi ki, Heydər Əfəndiyevin çoxşaxəli elmi yaradıcılığında ona şöhrət qazandıran geokimyəvi tədqiqatlar olmuşdur və təsadüfi deyil ki, Azərbaycanda geokimya ixtisası üzrə ilk elmlər namizədi olmuşdur. O, tanınmış alimlə yanaşı, həm də bacarıqlı təşkilatçı kimi uzun müddət instituta rəhbərlik etmişdir.Onun rəhbərliyi dövründə institutun elmi-tədqiqat dairəsi genişlənmişdir.Beləki həmin dövrdə kristallokimya, nadir elementlər kimyası, analitik kimya  və s. kimi istiqamətlər üzrə laboratoriyalar təşkil edilmişdir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Heydər Əfəndiyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, iki dəfə “Şərəf Nişanı” ordeni və digər medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanıilə təltif olunmuşdur.

Sonra k.ü.e.d. Arif Heydərovun geokimyaçı alim haqqında  “Heydər Əfəndiyevin həyatı və elmi -ictimai həyatı”, g.-m.ü.e.d. Novruz Novruzovun “Heydər Əfəndiyevin Azərbaycanda geokimyanın inkişafındakı rolu” adlı məruzələri dinlənildi.

Daha sonra qonaqlardan akademik Vasif  Babazadə, AMEA-nın müxbir üzvü Əli Nuriyev, professorlar Çingiz Xəlifəzadə, Hikmət Mahmud və Əyyub Əzizov görkəmli alim haqqında  xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Qeyd olundu ki, sadə və həssas insan , tələbkar elmi rəhbər, gözəl natiq, alim-təşkilatçı və pedaqoq  olan Heydər Əfəndiyev onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Sonda mərhum alimin oğlu Yalçın Əfəndiyev tədbirin təşkilatçılarına, o cümlədən institut rəhbərliyinə və iştirakçılara dərin minnətdarlığını bildirdi.

JURNALLAR
Faydalı linklər