Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun veb-saytının yeni versiyası istifadəyə verildi
İyn 21, 2016 | 10:52 / Konfranslar, iclaslar
Oxunub 8370 dəfə

İyunun 21-də AMEA Rəyasət Heyətində AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun veb-saytının təqdimatı keçirildi.

Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, AMEA-nın Kataliz və Qeyri-Üzvi kimya İnstitutu və İnformasiya Texnologiyaları İnstitutunun məsul şəxsləri və əməkdaşları iştirak edirdi.

Son illərdə AMEA-da yüksək texnologiyaların sürətlə tətbiq olunduğunu bildirən akademik R.Əliquliyev akademiya rəhbərliyinin AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yüksək səviyyədə təşkilinə böyük önəm verdiyini diqqətə çatdırdı. Alim, akademiyada fəaliyyət göstərən institut və təşkilatların veb-saytlarının səmərəliyinin artırılması məqsədilə yaradılmış Monitorinq qrupu tərəfindən mütəmadi olaraq monitorinqlərin aparıldığını bildirdi. Qeyd etdi ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir və alimlərimizin fəaliyyətinə dair məlumatlar bu saytlar vasitəsilə operativ olaraq yayımlanır.

Veb-saytlar yaradılarkən onların beynəlxalq, texnoloji, hüquqi və korporativ tələblərə cavab verməsinin əhəmiyyətli məsələlərdən olduğunu söyləyən akademik dövlət qurumlarının veb-saytlarının bu tələblərə cavab verməsinin vacibliyindən danışdı. İnformasiya Texnologiyaları İnstitutunun məsul şəxsləri tərəfindən yaradılmış AMEA Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun veb-saytının qeyd olunan bütün müasir tələblərə cavab verdiyini bildirdi və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırdı.

R.Əliquliyev rəhbərlik etdiyi qurumun AMEA Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun veb-saytına daim texnoloji dəstək göstərəcəyini vurğuladı.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə NəbibəyovaAMEA-nın Kataliz və Qeyri-Üzvi kimya İnstitutunun “www.kqkiamea.az” saytını təqdim edərək veb-saytın yaradılmasında əsas məqsədin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması olduğunu bildirdi.

G.Nəbibəyovanın qeyd etdi ki, AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilmiş veb-sayt AMEA-nın institut və təşkilatlarının veb-saytlarına olan tələblərə dizayn, struktur, istifadə olunmuş texnologiyalar və təhlükəsizlik baxımından tam cavab verir.

Sonra məruzəçi saytın strukturu haqqında ətraflı məlumat verərək 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytda “İnstitut haqqında”, “Xəbərlər”, “Elmi fəaliyyət”, “Şuralar”, “Beynəlxalq əməkdaşlıq”, “Dövri nəşrlər” və digər bölmələrin yer aldığını, institutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapdığını qeyd etdi. Veb-resursun sadə və genişləndirilmiş axtarış sisteminə malik olduğunu bildirən şöbə müdiri internet-resursda “Əhəmiyyətli linklər”, sosial şəbəkələrə və institutun jurnallarının veb-saytlarına keçidlərin olduğunu söylədi. 

Onun sözlərinə görə, veb-resursda yerləşdirilmiş sayğac sayta olan müraciətlərin illər üzrə dinamikası və müraciətlərin coğrafiyası haqqında məlumatları əldə etməyə imkan verir.

G.Nəbibəyova qeyd etdi ki, veb-saytın administrasiyası üçün təyin olunmuş məsul şəxslərə AMEA İnformasiya Texnologiyaları İnstitutunda tədris kursu keçilmiş və saytların idarə edilməsinə dair zəruri biliklər aşılanmışdır.

Sonra çıxış edən akademik D.Tağıyev hər bir elmi-tədqiqat müəssisəsinin veb-saytının onun siması olduğunu qeyd edərək müəssisələrin veb-resurslarının elmin populyarlaşdırılmasında mühüm rola malik olduğunu söylədi. AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivinə rəhbərlik etdiyi institutun veb-saytının ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

Sonda təqdimata dair geniş fikir mübadiləsi aparıldı.

www.ict.az 

JURNALLAR
Faydalı linklər