Xəbərlər
Foto
Kimya Elmləri Bölməsinin iclasında “AMEA-nın professoru” müsabiqəsinin gedişatı ilə bağlı müzakirələr aparılıb
İyn 08, 2017 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 2845 dəfə

İyunun 7-də AMEA Rəyasət Heyətində Kimya Elmləri Bölməsinin (KEB) növbəti büro iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev iclasın “AMEA-nın professoru” müsabiqəsinin gedişatı ilə bağlı müzakirələrə həsr olunduğunu bildirib.

Tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və KEB üzrə “AMEA-nın professoru” elmi adına namizədlər iştirak ediblər.

Öncə AMEA Rəyasət Heyətinin 19 aprel 2017-ci il tarixli qərarı ilə elan edilmiş “AMEA-nın professoru” müsabiqəsinin təşkili və bölmədə bu istiqamətdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, kimya elmləri üzrə 9 alimin namizədliyi irəli sürülüb. Onlardan 7-si Bakı Dövlət Universiteti, 1-i AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, 1-i isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşıdır.

Qeyd olunub ki, “AMEA-nın professoru” elmi adı AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, yüksək elmi nailiyyətlər əldə etmiş, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında xüsusi xidmətləri olan elmlər doktorlarına verilir.

Sonra namizədliyi qeydə alınmış alimlər öz fəaliyyətləri, apardıqları araşdırmalar, əldə etdikləri nailiyyətlər haqqında danışıblar. Onlar AMEA-da müvafiq elm sahəsində yüksəkixtisaslı kadr hazırlığı istiqamətində gördükləri işlər, dünyanın nüfuzlu, yüksək impakt faktorlu jurnallarında dərc olunmuş məqalələri, həyata keçirdikləri innovativ layihələr və ən mühüm elmi nəticələrinə dair ətraflı məlumat veriblər.

Sonda namizədlər bölmə üzvlərinin çoxsaylı suallarını cavablandırıblar.

JURNALLAR
Faydalı linklər