Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş- “Sağlam Ətraf mühit və Ümummilli Lider Heydər Əliyev fenomeni” adlı konfrans keçirilmişdir
May 07, 2024 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 1394 dəfə

İnstitutda fəaliyyət göstərən ictimai təşkilatların - Həmkarlar təşkilatı, Yeni Azərbaycan Partiyasının ərazi təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 07 may 2024-cü il tarixində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş- “ Sağlam Ətraf mühit və Ümummilli Lider Heydər Əliyev fenomeni” adlı  Respublika konfransı keçirilmişdir. Konransda İnstitut rəhbərliyi və əməkdaşları, eyni zamanda Yasamal rayon icra hakiminin müavini Xaliq Möhbalıyev, YAP Yasamal rayon təşkilatının sədri, dosent Bəxtiyar Nəbiyev, Elm və Təhsil Nazirliyinin Elmi təşkilatlarının birləşmiş Həmkarlar İttifaqının sədri, h.ü.e.d. professor Habil Qurbanov, AMEA MEK-nın direktoru, dosernt Hüseyn Hüseynov və AR TN  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun əməkdaşları və digər qonaqlar iştirak edib.

Tədbiri AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılmasını  dövlət siyasətində prioritet məsələ kimi daim diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Belə ki, Ulu öndər  Abşeronun yaşıllıqlar diyarına çevrilməsi üçün bir çox tədbirlərin görülməsinə nail olub. Qeyd olunmalıdır ki,  Heydər Əliyevin rəhbərliyi dövründə, 1969-1982-ci illərdə ətraf mühit qorunması sahəsində 8 qanun qəbul edilmiş və hökumət səviyyəsində 30-dan artıq qərar verilmişdir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, nəinki Bakı şəhərində, eləcə də, respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırılmış, “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlanmış, Azərbaycanda müasir Təhlükəli Tullantılar poliqonu, Xıllı Nərə Balıqartırma zavodu inşa edilmişdir. 2003-cü ildə Heydər Əliyev tərəfindən “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edilmiş və bu proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqramları, Kompleks tədbirlər Planı təsdiq edilmiş  və həyata keçirilmişdir.

Heydər Əliyevin ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin içməli su təchizatının inkişafı istiqamətində gördüyü tədbirlər bu gün də, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Belə ki, Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi önəm verir. Dövlətin  2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahənin  dövlət siyasətində priotitet olduğunu göstərir. Məhz bu səbəbdən  dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının “Tərəflər Konfransı”nın 29-cu sessiyası (COP-29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək. Bu tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin dövlətimizə olan böyük hörmət və etimadının göstəricisidir.

Daha sonra akademik bildirdi ki, biz alimlərin qarşısında duran əsas prioritetlərdən biri, yaşıl enerji, xüsusi ilə suyun parçalanmasından hidrogenin iqtisadi cəhətdən daha səmərəli üsulla alınması, onun saxlanılması və daşınması, eləcə də günəş enerjisindən istifadənin yeni yollarının araşdırılması olmalıdır və bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması  intensivləşdirilməlidir.

Sonra YAP Yasamal rayon təşkilatının sədri, dosent Bəxtiyar Nəbiyev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən, o cümlədən 1969-1982-ci illərdə gördüyü misilsiz işlərdən, mühüm sənaye müəssisələrinin inşasından, təsərrüfat, elm və təhsil sahələrində keçirilən islahatlardan, ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra dövlət quruculuğu sahəsindəki aparılan genişmiqyaslı işləri əhatə edən məruzə ilə çıxış edib.

Açılış nitqlərindən sonra Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, Günel Bağırova-Hüseynovanın “Müstəqillik illərində ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasəti”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun əməkdaşı b.ü.f.d. Nərgiz Bayramovanın “Biomüxtəlifliyin dayanıqlılıq prinsipləri əsasında qorunması və səmərəli istifadəsi”, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi k.ü.f.d. Nigar İbrahimovanın “Neft-kimya sənayesinin inkişafı və ekoloji siyasət” adlı məruzələri dinlənilib.

Daha sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Həmkarlar Təşkilatının sədri, prof.Arif Əfəndi, aparıcı elmi işçisi, dos.Faiq Məmmədov,  Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayev və başqaları  Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin  Azərbaycanda  ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınmasıa istiqamətində apardıqları dövlət siyasətindən, ekoloji problemlər, onların aradan qaldırılması yollarından, gənclərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən danışıblar.

JURNALLAR
Faydalı linklər