Xəbərlər
Foto
Azərbaycan gəncliyi ölkənin inkişafına xidmət edən layihələrin həyata keçirilməsində mühüm rol oynayır
May 20, 2023 | 10:12 / Konfranslar, iclaslar
Oxunub 1168 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumunda iştirak edib.

Forumun plenar müzakirələrində çıxış edən Elmir Babayev Azərbaycanda elmin mobilliyi üçün gənc alimlərə yaradılan elmi infrastruktur və dəstəkdən bəhs edib.

“Elmin inkişafı gənclərin vaxtında elmə cəlb olunması ilə əlaqəlidir. Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanda gənclər siyasəti ölkəmizin müstəqilliyi dövründə böyük dövlət xadimi və uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə formalaşmışdır. Həmin dövrdən başlayaraq, bu gün də dövlətin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın gəncliyi elmi-ictimai həyatın bütün sferalarında elmi, mədəni, siyasi, iqtisadi, humanitar sahələrdə fəal fəaliyyəti ilə seçilir və ölkə üçün əhəmiyyətli olan bütün layihələrin həyata keçirilməsində mühüm rol oynayır”, - deyə gənc alim vurğulayıb.

E.Babayev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası da elmi gənclik üçün ən böyük töhfələrdən birinə imza atıb. AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının formalaşdırılması ilə Azərbaycan gəncliyinin potensialının tələblərə uyğun inkişafı istiqamətində qurulmasında zəmin yaradılıb. Müasir dövrdə gənclərin potensialından dövlətin maraqları naminə istifadə edilməsi və yeni nəsil arasında fəal vətəndaş cəmiyyətinin formalaşdırılması strategiyanın əsas məqsəd və vəzifələrini təşkil edir. Gənc Alim və Mütəxəssislər Şurası da dövlət tərəfindən gənclərin və elmin inkişafı ilə bağlı qəbul edilən ardıcıl proqramları fəaliyyətində rəhbər tutaraq elmin təbliği və populyarlaşdırılması məqsədilə təhsil müəssisələrinin kiçik yaş qrupları da daxil olmaqla müxtəlif müasir innovativ təşviq mexanizmlərindən istifadə edir. AMEA Rəyasət Heyətinin dəstəyi ilə Gənc Alim və Mütəxəssislər Şurası da fəaliyyəti dövründə müxtəlif elmi-populyar mövzulara həsr olunmuş 10-dan çox müxtəlif beynəlxalq forum və konfrans keçirib.

Şura sədri AMEA tərəfindən dövlət siyasətinə uyğun olaraq gənc alimlər tərəfindən təklif olunan yerli, beynəlxalq layihələr və fəaliyyətlərin dəstəkləndiyini vurğulayıb: “2015-ci ildə AMEA və ona tabeli elmi müəssisə və təşkilatlarda magistratura təhsil pilləsinin yaradılmasını gəncləşmə istiqamətində atılmış vacib addım kimi qeyd etmək olar. Elmi-tədqiqat institutlarında magistratura təhsilinin müasir səviyyəsinin yaradılması, magistrlərin peşəkar inkişafı üçün əlverişli təlim mühitinin formalaşdırılmasından irəli gəlir ki, ildən-ilə elmi-tədqiqat müəssisələrində magistraturaya daxil olmaq istəyənlərin sayı artmaqdadır. Dayanıqlı iqtisadi inkişafa və rəqabətədavamlılığa, innovativ və yüksək texnologiyalı sənayenin genişləndirilməsinə əsaslanan müasir elmi və texnoloji nailiyyətlərə, elmi tədqiqatlara və yeni texnologiyaların inkişafı üçün müasir komplekslərin yaradılmasına dövlət dəstəyini artırmaq məqsədilə bir sıra fərmanlar imzalanıb. 2022-ci ildə Azərbaycan və Türkiyənin birgə təşkilatçılığı ilə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirilməsi kimi tarixi hadisələr zaman keçdikcə AMEA-da, o cümlədən digər elmi-tədqiqat müəssisələrində böyük perspektivlərin yaranmasına, innovativ tədqiqatların intensiv həyata keçirilməsinə, o cümlədən gənclərin bu prosesə fəal cəlb olunmasına şərait yaradıb”.

Elmir Babayev çıxışında gənc alimləri stimullaşdıran alətlərdən bəhs edib, forumun gələcək birgə elmi əməkdaşlıqlar, qrant layihələri və kolaborasiyalar üçün faydalı olacağını söyləyib.

Qeyd edək ki, forumda Elm və Təhsil Nazirliyinin Botanika, Neft-Kimya Prosesləri, Fiziologiya, Dendrologiya institutlarından və AMEA-nın Dilçilik, Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarından gənc alim və mütəxəssislər iştirak ediblər.

JURNALLAR
Faydalı linklər