Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Günel Əzimovanın "Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan gənclərinin yeri" adlı məqaləsi "Azərbaycan" qəzetinin №94-də çap olunmuşdur.
May 10, 2023 | 09:45 / Nəşrlər
Oxunub 1715 dəfə

Tarixin keçən, uzun keşməkeşli dövrü ərzində hər bir xalq öz qurub-yaratdıqları ilə yaddaşlarda qalmışdır. Hər bir tarixi şəxsiyyət də xalq qarşısında öz xidmətləri ilə tanınmış və sevilmişdir. Həmin tarixi şəxsiyyətlərdən biri də kiçikdən-böyüyə hər kəsin sevgisini qazanmış dahi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev olmuşdur. Şübhəsiz ki, dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. O, dövlətimizin qurucusu, Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan gəncliyinin qürurverici mənbəyidir. Təsadüfi deyildir ki, bugünkü gündə Azərbaycan gəncliyi məhz örnək kimi Heydər Əliyev siyasətini əsas götürüb, ondan ilhamlanır.

Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Məhz yeni dövrün inkişafının gənclər siyasəti ilə bağlı olması Azərbaycan gəncliyinin necə inkişaf etməsinin, həmçinin gənclərimizin nəinki ölkə daxilində, eyni zamanda bütün dünya miqyasında tanınmasının əyani göstəricisidir. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər fəaliyyəti dövründə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bununla da Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində, eyni zamanda ölkənin gələcək inkişafında iştirakı və məsuliyyəti artmış oldu.

Hər bir millətin uğurlu gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Gənclik bir millətin yaşaması, dövlətinin inkişafı üçün təməl daşıdır. Gənc nəslin düzgün yetişdirilməsi isə ölkə siyasətindən asılıdır. Bəli, doğrudan da bugün ölkəmizdə gənclər siyasəti keyfiyyətcə ən üstün mərhələdədir.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində qoyduğu təməli bugün prezidentimiz İlham Əliyev qürur və inamla layiqincə davam etdirir. Onun gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, həmçinin irəli sürülən təkliflərin həyata keçirilib real həyatda öz təsdiqini tapması dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmçinin gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişməsi, müxtəlif xarici ölkələrdə təhsil alması gənclər siyasətinə göstərilən qayğı və diqqətin təqdirə layiq nəticəsidir.

Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləmiş və dəfələrlə qeyd edirdi ki, müasir Azərbaycanın gələcəyi gənclərin əlindədir. Gənclərin hərtərəfli inkişafı, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Doğma vətənimizin gələcəyinin təminatçısı olan gənclər bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, ölkə prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Məhz həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, bugün Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır. Əyani sübutdur ki, Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində hər zaman fəal iştirakı ilə seçilir.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı üçün hərtərəfli şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda da formalaşdırıb yetişdirmişdir. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycan gəncliyinin möhkəm, sarsılmaz, keçilməz, dözümlü olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibəyə yollanan hər bir gəncimiz qəhrəmancasına döyüşlərdə iştirak etdi. Hər biri öz şücaəti ilə tarixin vətənpərvərlik səlnaməsini yazıb, bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu bir daha göstərdilər.  

Bugün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim prioritet tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bizim hər birimiz şahid oluruq ki, bu günün gəncliyi özünə inamlı, mübariz , vətənpərvər ruhlu gənclikdir. Buna görə də gənclərimiz onlara göstərilən qayğı və etimadı həmişə qiymətləndirməli, müstəqil Azərbaycanın üçrəngli bayrağını daima zirvələrə qaldırmalıdır.

 

Günel Əzimova,

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun

elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü

 

"Azərbaycan" qəzeti

JURNALLAR
Faydalı linklər