Xəbərlər
Foto
Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun professoru Fikrət Sadıqovun “Heydər Əliyev və kimya sənayemiz” adlı məqaləsi “Ədalət” qəzetinin 11№ -də çap olunmuşdur.
Apr 06, 2023 | 12:01 / Nəşrlər
Oxunub 1641 dəfə

Heydər Əliyevin əməyini danmaq istəyənlərə bildirmək istəyirəm ki, məhz onun təşəbbüsü ilə o vaxtkı SSRİ-də parafindən sulfanol istehsalatı ilk dəfə Sumqayıtda  yaranıb, onun istehsal gücü artırılıb. Diafraqma üsullu xlor və kaustik soda istehsalatı yaradılıb. İki elektroliz istehsalatı tikilib, biri yenidən qurulub.

1981-ci ildə Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə İtaliya avadanlığı və texnologiyası ilə Sumqayıtda alkilbenzol istehsalatının tikintisinə başlandı. Bir sıra xarici ölkələrin avadanlıqlarından quraşdırılan bu istehsalat nəinki respublikamızın, habelə o vaxtkı İttifaqın da həyatında mühüm hadisə idi. Belə ki, illik gücü 75 min ton olan bu istehsalat o vaxtkı İttifaqın əhalisini yüksək keyfiyyətli yuyucu tozlarla təmin etməyə imkan verirdi. Amma, çox keçmədi Heydər Əliyev Moskvada işləməyə dəvət olundu, bu istehsalatın da tikintisi unuduldu. Onu ancaq 1994-cü ildə istismara verə bildik.

Məlumdur ki, Heydər Əliyev cənabları kimyaçı deyil.Amma onun kimya elminin müxtəlif sahələrinin (neft kimyası, üzvi kimya, qeyri-üzvi və xlorlu üzvi kimya, elektrokimya, poliefirləşmə üsulları və sair) inkişafına bu dərəcədə qayğıkeşlik və təəssübkeşliklə yanaşması göstərir ki, bu sahəni də düzgün istiqamətləndirməyi uzaqgörənliklə bacarır. Kimya sənayesini yüksək səviyyəli kimya mütəxəssisi qədər bilirdi.

Zaqafqaziyada fosfor gübrəsi istehsal edən yeganə müəssisə Superfosfat zavodu da Heydər Əliyev cənablarının təşəbbüsü ilə 1970-80-ci illərdə genişləndirilmiş, burada yeni istehsal sahələri yaradılmışdır. Məsələn, 1973-cü ildə bu zavodda bor manqanlı yeni növ gübrə istehsalına başlanmış, 1975-ci ildə isə ikipilləli kontaktlaşma metodu ilə işləyən sulfat turşusu istehsalatı istismara verilmişdir. Görülən tədbirlər nəticəsində həmin illərdə sulfat turşusu istehsalı 10, mineral gübrə istehsalı isə 30 dəfədən çox artmışdı. Bəli, məhz Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində bir vaxtlar bu zavod ildə bir milyon tondan artıq mineral gübrə, 600min ton sulfat turşusu istehsal edirdi. Məhz bunun hesabına vaxtilə respublikamızın kənd təsərrüfatında yüksək göstəricilər əldə olunurdu. Heydər Əliyevin 1978-ci ildə bu müəssisəyə gəlişi bir sıra problemlərin həllinə böyük kömək etmişdir.

Sumqayıtdakı “Etilen-Polietilen” zavodu ümumiyyətlə kimya sənayesinin inkişafı üçün əsas xammal bazasıdır. Çoxları bilmir ki, bu zavoddakı “EP-300” qurğusunun vaxtilə Azərbaycanda tikilməsi bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə, onun sayəsində mümkün olmuşdur. Bu gün respublikamızın kimya sənayesinin inkişafını bu qurğusuz təsəvvür etmək mümkün deyil. Heydər Əliyev cənabları bu günkü vəziyyətimizi təxminən 50 il bundan qabaq görürdü.

SSRİ-nin o vaxtkı rəhbərləri Sumqayıtda EP-60 istehsalatları ola-ola EP-300 istehsalatının tikilməsinə razı deyildilər. Heydər Əliyev onlara sübut edib onları razı saldı ki, bu qurğu Sumqayıt Kimya Kompleksinin inkişafının lokomotivi rolunu oynayacaq və SSRİ-ni müasir kimya məhsulları ilə təmin edəcək.

Onu da qeyd etmək lazımdır ki, o qurğunun tam gücü ilə işləyə bilməsi üçün lazım olan 1 mln ton birbaşa qovulmuş benzinin alınması məqsədi ilə Bakıda ikinci ElOU-avt qurğusu tikildi və Mazdok Bakı neft kəməri çəkildi. Bu xətt ilə ölkəmizə ildə 10mln ton Qərbi Sibir nefti daxil olur, Bakıda ELOU-avt-də emal olunur, 1 mln ton birbaşa qovulmuş benzin borularla Sumqayıta verilirdi.

Məlumdur ki, XX əsrin sonlarında Sumqayıtda olan İstilik Elektrik stansiyaları mənəvi və fiziki cəhətcə köhnə olduğu üçün onlardan alınan istilik və elektrik enerjilərinin qiyməti yüksək olurdu. Enerji təminatında kimya müəssisələrində fasilələr yaranırdı. 1 kvt elektrik enerjisinə 400q mazut sərf edilirdi. Yanacağa qənaət etmək yaxud sərfiyyat normalarına riayət etmək mümkün olmurdu. Ona görə də müəssisələrə verilən istilik və elektrik enerjilərinin qiyməti yüksək olurdu.

Enerji sistemlərində yaranan fasilələr kimya müəssisələrinə çox ziyan verirdi. Belə ki, müəssisə dayananda sistemlər avtomatik olaraq boşalır, məhsul keyfiyyətsiz olur, ətraf mühit çirklənirdi. Kimya müəssisələrinin ,əsasən də EP-300 qurğusunun  enerjilərlə müntəzəm fasilələrsiz, reqlamentlərə uyğun göstəricilərlə təmin olunması zərurəti yaranmışdır. Enerji təchizatında olan fasilələr EP-300 üçün ona görə yolverilməz idi ki, o qurğuda təzyiq 0 atm.40 atm. temperatur -110 +10000C rejimində işləyirdi. Hər hansı bir fasilə çox təhlükəli olmaqla bərabər, həm də çoxlu ziyan verirdi. Bunları möhtərəm Prezidentimiz Heydər Əliyevə deyəndən sonra o bizim yeni Buxar-generator qurğusu tikmək təklifimizi bəyəndi və Yaponiya ilə işləməyə başladıq. Yaponiyanın Niçimen şirkəti ilə müqavilə bağlandı və cənab Prezidentimiz Yaponiyaya səfəri zamanı Yaponiyanın Eksim bankı ilə kredit alınması məsələsi həll olundu. Beləliklə, Sumqayıtda Etilen Polietilen zavodunda buxara görə gücü 480t/saat, temperaturu 5100C, elektrik enerjisinə görə 27mVt olan buxar generator qurğusunun tikintisinə başlandı. Qurğunun təməl qoyma mərasimində möhtərəm Prezidentimiz özü iştirak etdi, özülə birinci betonu tökdü. Qurğu 2 ilə tikilib istifadəyə verildi. Qurğunu möhtərəm Heydər Əliyev işə saldı. Bununla da Etilen Polietilen, sintez kauçuk zavodlarının enerji problemləri aradan qaldırıldı. Qeyd etmək lazımdır ki, o qurğuda 1 kvt enerjiyə 127 q şərti yanacaq sərf olunurdu. Sonralar ölkəmizdə bir çox istilik elektrik stansiyaları tikilsə də o göstəricilərə malik qurğu hələ də yoxdur. Bu güc möhtərəm Prezidentimizin dahiliyinin, uzaqgörənliyinin təzahürü idi. Əgər o qurğu o vaxt tikilib istifadəyə verilməsə idi indi nə Etilen – Propilen zavodu, nə də Sokar polimerin, polietilen, polipropilen istehsalatları yox idi. Dahilik, uzaqgörənlik budur.

Bu da təsadüfi deyildir ki, bu qurğunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün Yaponiyanın “Eksimbank”-nın ayırdığı kredit də şəxsən Möhtərəm Prezidentimizin təşəbbüsünün nəticəsidir. Biz kimyaçılar bu qayğı üçün prezidentimizə minnətdarlığımızı bildirməklə yanaşı həm də bu işin nə dərəcədə məsuliyyətli olduğunu da dərk edirik. Xarici investorların ayırdığı kreditə ilk dəfədir ki, Azərbaycan höküməti zəmanət verir. Bu etimadı doğrultmaq isə kimyaçıların şərəf işidir. Möhtərəm Prezidentimizin qayğısı ilə kimya sənayesi ikinci həyatının ilk günlərini yaşamağa başladı.

EP-300 qurğusunun normal işləyə bilməsi üçün bütün şəraitlər yaradılandan sonra, etilenin sərfinin məsələsi həll olunmalı idi, yəni təzə istehsalatlar tikilməli idi. Ona görə də Polietilen zavodunda yeni Borulu (Boru üsullu) polietilen istehsalı tikilməsi zərurəti yarandı. Bu problemi Heydər Əliyevdən başqa heç kim həll edə bilməzdi. Bu qurğuya çoxlu vəsait lazım idi və o qurğunun Anqarsk neft-Orq sintez istehsalat birliyinin tikilməsi üçün Sovet İttifaqı kommunist Partiyasının siyasi bürosunun qərarı var idi. Onun Sumqayıtda tikilməsi üçün büronun qərarı dəyişilməli idi. Buna da heç kəs razılıq vermirdi. Dahi Heydər Əliyev siyasi büronun üzvlərinə sübut edə bildi ki, bu qurğu birinci növbədə Anqarskda yox Sumqayıtda tikilməlidir və nəticədə Rəyasət heyəti öz qərarını dəyişdi.

1972-ci ildə istifadəyə verilmiş Salyan Plastik Kütlə Emalı zavodu o vaxtkı İttifaqda orta təzyiqli polietilendən boru hazırlamaq texnologiyasına yiyələnən ilk müəssisə idi. İldə 12-13 min ton polietilen örtük, 5min tona yaxın polietilen borular istehsal etmək imkanını biz Heydər Əliyevin qayğısı sayəsində əldə edə bildik. Eyni sözləri kimya kompleksinin Mingəçevir şəhərində yerləşən müəssisələri haqqında da demək olar. Onlar da məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə yenidən qurulmuş, yeni potensial sahələri yaradılmışdır. 1980-ci ildəki texniki iqtisadi göstəricilərinə görə buradakı rezin-texniki məmulatlar zavodunun istehsal etdiyi məhsulları satmaqla Mingəçevir şəhərinin əhalisini bir illik taxılla təmin etmək olardı. Kimya kompleksinin ilk müəssisələrindən sayılan Bakı Yod (1944) və neftçala Yod-brom (1932-ci ildə) zavodları çoxdan istifadəyə verilsələr də, onların da hər ikisi sonrakı illərdə genişləndirilmişdir. Bakı Yod zavodu o vaxrkı İttifaqda buruq sularından yod istehsal edən ilk müəssisə idi. Burada texniki yod, kalium yodid, təmiz yod və kristal yod istehsal olunurdu.

1975-ci ildə görülən tədbirlər nəticəsində Bakı Yod zavodunda məhsul istehsalının həcmi bir neçə dəfə artırılmış, 1976-cı ildə isə burada təcrübə-sənaye qurğusunun tikintisinə başlanılmışdır. Əvvəllər təcrübə qurğusu, sonra kiçik zavod kimi fəaliyyət göstərən Neftçala Yod-brom zavodunda 1981-ci ildə yod-brom istehsalı 1959-cu ildəkinə nisbətən iki dəfə artırılmış və əvvəlki zavoddan istehsal gücü dörd dəfə çox olan indiki zavod tikilib istifadəyə verilmişdir. Xatırladaq ki, Neftçala Yod-brom zavodu bu sahədə Avropada ən iri müəssisələrdən biri sayılır.

Əgər bu gün ölkəmizə xarici investorların marağı artırsa, iqtisadiyyatımızın inkişafı üçün sərmayə qoyanlar varsa, Xəzərin neft yataqlarının istismarı ilə əlaqədar dünyanın bir sıra ölkələrinin nüfuzlu neft şirkətləri ilə birgə əməkdaşlıq edirlərsə, bu, möhtərəm prezidentimizin apardığı müdrik daxili və xarici siyasətin nəticəsidir. Respublikamızda yaranmış sabitliyin, əmin –amanlığın nəticəsidir. Şəxsən Prezidentimizin nüfuzundan yaranan inamın nəticəsidir.

Heydər Əliyev cənablarının qayğısı sayəsində Bakıdakı Budyonnı, Qarayev, Frunze adına neftayırma zavodlarında köhnəlmiş qurğular bağlanaraq əvəzində müasir tipli neftayırma, neft emalı qurğuları, bir-birinin ardınca “ELOU-Avt” qurğularını və s.tikilib istifadəyə verildi.

Kimya sənayesinin Bakıda yerləşən müəssisələri də Heydər Əliyev cənablarının hakimiyyəti illərində özlərinin əsas inkişaf mərhələsini yaşamışlar. Məsələn, Bakı Şin zavodunda 1969-1971ci  illərdə kecmiş SSRİ-də ilk dəfə olaraq şinlərin vulkanizasiyası üçün layihələşdirilmiş axın xətti quraşdırılmışdır. Yük və minik avtomobilləri, kənd təsərrüfatı maşınları üçün şin hazırlayan bu zavodda görülən tədbirlər respublikamızın iqtisadiyyatına güclü təsir göstərmişdir.

Kimya-əczaçılıq zavodu Bakı tibb preparatları istehsal edən sexlər kimi fəaliyyətə başlasa da, 1972-ci ildən sonra onun imkanları daha da artmışdır. Yeni quraşdırılan xarici avadanlıqlar hesabına müəssisənin istehsal gücü on dəfə, məhsulların çeşidi isə dəfələrlə artmışdır. Bunu demək kifayətdir ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtlarda görülən tədbirlər nəticəsində elə indinin özündə də Orta Asiya və Qafqazda bu sahədə belə böyük zavod yoxdur.

Bu gün çox böyük fərəh və məmnunluq hissi ilə deyə bilərəm ki, mərhum prezidentimiz Heydər Əliyevin işləri ölkəmizdə İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sumqayıt Polimer istehsalat birliyinin Polipropilen, aşağı təzyiqli Polietilen, Sumqayıt Karbamid zavodunu, Sumqayıtdakı və ölkəmizin müxtəlif bölgələrində tikilmiş müxtəlif texnoparklar bunun əyani göstəricisidir.   

JURNALLAR
Faydalı linklər