Xəbərlər
Hiss, duyğu və emosiya anlayışı
Mart 10, 2023 | 14:45 / Maraqlı məlumatlar
Oxunub 1174 dəfə

DUYĞU - hiss üzvlərinə təsir edən cisim və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikasıdır. Duyğu bir psixi proses olmaq etibarilə, cisimlərin, hadisələrin bila­vasitə hiss üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlə­rimizə təsir edən nə varsa, bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinir­lər  vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik. Beləliklə də, duyğu obyektiv reallığın hissi inikası olub, hal-hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır. Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxar­dığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də, İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1) periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı  qəbul etmək, xarici enerjiniı sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent (mərkəzəqaçan) və efferent (mərkəz­dən­qaçan) sinirlər daxildir: 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası periferik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. O beyin qabığında müxtəlif yerlərdə yerləşir. Məsələn, görmə duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz. Analizatorlar fəal bir orqandır. O qıcıqlan­dırıcının təsiri altında daima özünü yenidən qurur. Ona görə də, demək lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri daşıyır. Duyğuların insanın həyatında əhəmiyyəti əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət yetirmək kifayətdir. Duyğuların növləri müxtəlifdir. Qıcıq­landırıcıların təsir etdiyi reseptorlara əsasən duyğuların üç növü var:

1. Ekstroseptiv və ya xarici duyğular. Onların reseptorları bədənin səthində yerləşir, xarici aləmdə olan cisim və hadisələrin xassələrini əks etdirirlər. Görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğulan bu qrupa daxildir.

2. Interoseptiv və ya daxili duyğular. Onların reseptorları daxili üzvlərdə, həmçinin, bədənin toxumalarında yerləşir və daxili üzvlərin vəziyyətini əks etdirir. Aclıq, toxluq, susuzluq duyğuları və s. interoseptiv duyğulara daxildir.

3. Proprioseptiv duyğular. Reseptorları oynaq və əzələlərdə yerləşir, bədənimizin hərəkəti və halı haqqında məlumat verirlər. Hərəki və müvazinət duyğuları bu qrupa daxildir.

Lakin duyğuları mütləq şəkildə xarici və daxili duyğulara ayırmaq olmaz. Ağrı, dadbilmə, temperatur duyğulalarını mahiyyət etibarilə xarici duyğular kimi təhlil etmək olar.

İnsanın duyğu analizatorları qıcığın müəyyən kəmiyyətinə; aşağı və yuxarı həddinə uyğunlaşır. Bu analizatorların həssaslığı ilə bağlıdır. Çünki hər cür qicıq duyğu əmələ gətirmir. Duyğunun əmələgəlməsi üçün qıcıq müəyyən kəmiyyətə malik olmalıdır. Qıcıqlayıcının ilk dəfə ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyəti duyğunun mütlər həddi adlanır. Ən zəif qıcıqlayıcını duyma qabiliyyəti mütləq həssaslıq adlanır.

Mütləq həssaslıqla duyğunun aşağı mütləq həddi tərs mütənasibdir.

 

E=1/p

E – mütləq həssaslıq

p – mütləq hədd

 

Eynicinsli qıcıqlayıcıların qüvvələri arasındakı güclə duyulan ən zəif fərqə duyğunun fərqləndirmə həddi deyilir. Məs:300 lampa işığına 1 və ya 2 lampa əlavə etsək işığın artdığını duymarıq, amma 3,4 lampa əlavə etsək bu fərqi duya bilərik. Eynicinsli qıcıqlar arasındakı ən zəif fərqi duyma qabiliyyətinə fərqləndirmə həssaslığı deyilir. Məs: Xalça toxuyan qızlarda rəng çalarlarına həssaslıq adi adamlardan dəfələrcə artıq olur.

Dilqəm Tağıyev, Asif Məmmədov "Duyğularımız və kimya". Bakı: Elm, 2022, 190 s.

JURNALLAR
Faydalı linklər