Xəbərlər
Akademik Əjdər Məcidovun 85 yaşı tamam olur
Mart 06, 2023 | 15:49 / Mühüm hadisələr
Oxunub 647 dəfə

Martın 6-da Azərbaycanda kimya elminin inkişafında mühüm xidmətləri olan alim, “Şöhrət” ordenli, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, akademik Əjdər Məcidovun 85 yaşı tamam olur.

Məcidov Əjdər Əkbər oğlu 6 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə qəbul olub və 1960-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda başlamyıb. 1961-ci ildə Kimyəvi Fizika İnstitutunun məqsədli aspiranturasına qəbul olub və 1964-cü ildə oranı bitirdikdən sonra Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda, Molekulyar Biokimya (Belok İnstitutu) və SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda 1969-cu ilə qədər çalışıb.

1969-cu ildən 1987-ci ilə qədər Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda işləyib, 1987-ci ildən indiyədək isə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində fəaliyyət göstərir.

O, 1966-cı ildə “Stabil radikalların və ion-radikalların iştirakı ilə oksidləşmə-reduksiya reaksiyaları” mövzusunda namizədlik, 1984-cü ildə “Paramaqnit liqandlarla metal kompleksləri” mövzusunda doktorluq işini müdafiə edib. 1985-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

Alim tərəfindən ilk dəfə olaraq tərkibində stabil nitroksil radikalı saxlayan paramaqnit liqandlı (Şiff əsaslı, karboksilatlı, ksantokenatlı və s.) metalların kristal­lik kompleks birləşmələri sintez edilib. Onların kristallik və molekulyar quruluşları öyrənilib və paramaqnit mərkəzlər arasındakı məsafələr təyin edilib. İlk dəfə olaraq bu sistemlərdə spin mərkəzləri arasında qarşılıqlı təsirin mübadilə enerjisi hesablanıb. Göstərilib ki, metal ionunun (ikivalentli mis) koordinasiya sferasına radikal mərkəzin daxil olması oksidləşmə-reduksiya reaksiyalarında onun aktivləşməsinə gətirib çıxarır. Stabil radikalların aromatik amin və diaminlərlə kation radikalların əmələgəlməsi ilə gedən oksidləşmə-reduksiya reaksiyalarının kinetika və mexanizmi öyrənilib. Mis solisilaldiminatda koordinasiya olunmuş liqandlarda gedən yeni oksidləşdirici uzlaşma reaksiyası müşahidə olunub. Son illərdə Ə.Məcidovun rəhbərliyi ilə yeni koordinasyon birləşmələrin alınması istiqamətində elmi işlər aparılıb, alınmış birləşmələrin rentgen quruluşu və reaksiyayagirmə qabiliyyəti öyrənilib. Koordinasiya olunmuş o-hidroksi benzil­aminlərin və azometin rabitələrin oksidləşdirici dehidrogenləşmə və reduksiya reaksiyalarının kinetika və mexanizmi öyrənilib. Nitratların reduksiya edilməsi ilə metalların, oksid və karbonatların nanoölçülü tozlarının alınmasının reaksiyalarının yeni hidrotermal metodu işlənib hazırlanıb.

Alim “Əməkdə fədakarlığa görə” medalı, AMEA-nın Fəxri fərmanları və “Şöhrət” ordeni ilə təltif olunub.

Azərbaycanda kimya elminin inkişafında mühüm xidmətləri olan alimi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

JURNALLAR
Faydalı linklər