Xəbərlər
Foto
“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib
Fev 17, 2023 | 15:19 / Konfranslar, iclaslar
Oxunub 1979 dəfə

AR Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib. Təlimin keçirilməsində əsas məqsəd elmi qurumlar və ali təhsil müəssisələrinin sosial media hesablarının təhlili, kommunikasiya alətlərindən düzgün istifadə, kommunikasiyanın təşkili və s. ilə bağlı bilik və bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verməkdir.

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən təlimdə elmi müəssisələrin və universitetlərin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Azərbaycanın elm və təhsil cəmiyyətindən ictimaiyyətlə əlaqələrə məsul şəxslərin iştirak etdiyi bugünkü təlimin effektiv kommunikasiyanın qurulması ilə bağlı müzakirələrin aparılması və gələcək trendlərin müəyyən edilməsi baxımından əhəmiyyətini qeyd edib. O, təlim çərçivəsində monitorinqlərin nəticələrinin təqdim olunacağını, ictimaiyyətlə əlaqələrə dair mühüm mövzulara həsr olunmuş məruzələrin dinləniləcəyini diqqətə çatdırıb.  O, həmçinin "Elmi müəssisə və universitetlərin sosial media hesablarının təhlili" mövzusunda təqdimatla çıxış edib. 

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov öz çıxışında təlim iştirakçılarını elm və təhsil naziri Emin Əmrullayev adından salamlayıb. E.Nəsibov Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elmi müəssisə və təşkilatların fəaliyyətinin daha səmərəli qurulması üçün bir çox istiqamətlər üzrə işlərə başlanıldığını, təlimin bu baxımdan xüsusi önəm kəsb etdiyini bildirib. Təlimin 25-ə yaxın elm və təhsil müəssisəsindən qatılan ictimaiyyətlə əlaqələrə məsul şəxslərə müvafiq sahə ilə bağlı nəzəri və təcrübi biliklərin aşılanması, onların bacarıqlarının artırılması kimi məsələlərin həllini hədəflədiyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatların bir çox istiqamətləri əhatə etdiyini bildirib. Qeyd edib ki, bu islahatların mühüm tərkib hissəsindən biri də cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir.

Dünyada artıq media savadlılığı sahəsində mühüm tədbirlərin görüldüyünü söyləyən Ə.İsmayılovun sözlərinə görə, yalnız media savadlılığının inkişafına nail olunduqda müsbət nəticələr əldə etmək mümkün olacaq. Bu, dezinformasiyaların yayılmasının qarşısının alınmasında da mühüm rol oynayır.

O, hazırda jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində zəruri addımların atıldığını vurğulayıb. Bu məqsədlə Medianın İnkişafı Agentliyinin müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər keçirdiyini diqqətə çatdırıb.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, elmin populyarlaşdırılması, elmi bilikləri, nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, elmə marağı artırmaq elm və təhsil müəssisələrinin, eləcə də media subyektlərinin qarşısında duran əsas vəzifələrdəndir.

“İnformasiyaların daha çox faktlara əsaslanması, yanlış yönləndirmələrə sövq edən məlumatların yayılmasının qarşısının alınması olduqca vacibdir. Elmin cəmiyyətdə təbliği üçün medianın potensial imkanları kifayət qədər genişdir və müvafiq istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir”, – deyə N.Məmmədli əlavə edib.

Sonra təlim-seminarda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək ölkədə ilk dəfə internetə çıxışın 1991-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirildiyini, bununla da Azərbaycan mediasının inkişaf mərhələsində yeni səhifənin açıldığını bildirib. Ölkədə ilk veb-saytın da 1995-ci ildə məhz İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradıldığını xatırladan akademik R.Əliquliyev qeyd edib ki, AMEA-nın rəsmi veb-portalı olan science.az-ın yaradılması “Əkinçi” qəzeti, televiziya və radiodan sonra daha bir tarixi mərhələnin əsasını qoydu. İnstitutun baş direktorunun sözlərinə görə, Azərbaycanın elektron “Əkinçi”si hesab olunan bu portal ölkəmizdə ilk internet-jurnalistika məktəbidir.  

Akademik R.Əliquliyev ölkənin təhsil sistemində ilk dəfə olaraq İnformasiya Texnologiyaları İnstitutunun Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə birgə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə həyata keçirdiyini qeyd edib. Bildirib ki, 2008-ci ildən 2012-ci ilədək davam edən və ümumilikdə 300 tələbənin iştirak etdiyi bu layihə veb-jurnalistika sahəsi üzrə kadr hazırlığında mühüm rol oynayıb. Akademik əlavə edib ki, bu gün Azərbaycanda informasiya cəmiyyəti və texnologiyaları sahəsində yetişən jurnalist nəslinin nümayəndələri arasında həmin dərslərdə iştirak edən jurnalistlərin də olması sevindiricidir.

Daha sonra təlimçilər “Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə”, “Media savadlılığı nədir?”, “Effektiv təqdimat bacarıqları”, “Təhsil TV ilə əməkdaşlıq imkanları”, “Şəxsi və peşəkar inkişaf”, “Təhsil müəssisələri üçün PR və kommunikasiyanın əsasları”, “Böhran vəziyyətlərində kommunikasiyanın təşkili” mövzularında çıxış edərək öz bilik və təcrübələrini bölüşüblər. 

Hər bir çıxışla bağlı müzakirələr aparılıb, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

JURNALLAR
Faydalı linklər