Xəbərlər
Dövlət proqramları əsasında onlarla gənc xaricdə tədqiqatlar aparmaq imkanı qazanıb
Fev 02, 2023 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 1450 dəfə

Ölkəmizdə Azərbaycan Gəncləri Günü və bu əlamətdar günün təsis edilməsi gəncliyə daim böyük ümidlər bəsləyən və dəyər verən Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir. AMEA-da gənclərlə bağlı həyata keçirilən işlər, 2013-cü ildə akademiyada Gənc Alim və Mütəxəssislər Şurasının təsis edilməsi Azərbaycan dövlətinin gənclər siyasətinin tərkib hissəsi kimi Ulu Öndər siyasətinin davamı idi.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev söyləyib. O bildirib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən yaradıcı-intellektual gənclərin elmi-ictimai fəaliyyətinin stimullaşdırılmasına xidmət edən tədbirlərin həyata keçirilməsi Ulu Öndərin gənclər siyasətinin prioritetlərini təşkil edirdi. Bu gün AMEA “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı, müxtəlif Dövlət proqramlarını rəhbər tutaraq Rəyasət Heyətinin aldığı qərarlar və tədbirlər planlarına uyğun öz gənclər siyasətini tənzimləyir. AMEA-da yüksəkixtisaslı və peşəkar gənc tədqiqatçıların, elmi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb və bu proses hazırda da uğurla davam etdirilir. Dövlət başçısının AMEA üçün ayırdığı xüsusi vəsait hesabına yaradılmış proqramlar, akademiya ilə beynəlxalq elmi qurumlar arasında imzalanmış əməkdaşlıq sazişi, həmçinin müxtəlif Dövlət proqramları əsasında onlarla gənc xaricdə tədqiqatlar aparmaq imkanı qazanıb. Gənclər onlar üçün yaradılan imkanlardan faydalanır, tədqiqat işlərinin nəticələrini yerli və xarici jurnallarda çap etdirirlər. Artıq gənclərimizin məqalələrinin “Web of Science” və “Scopus” platformalarında indeksləşən jurnallarda çap olunması bir ənənə halını alıb.

“AMEA elm və təhsilin inteqrasiyası istiqamətində Elm və Təhsil Nazirliyi ilə də sıx əməkdaşlıq edir. Gənclərin idarəetmə mərkəzi olan Gənc Alim və Mütəxəssislər Şurası öz əməli fəaliyyəti ilə ona göstərilən etimadı daima doğrultmağa çalışır. Gənclərin fəaliyyəti ilə bağlı yeniliklər mütəmadi olaraq AMEA Gənc Alim və Mütəxəssislər Şurasının saytında yerləşdirilir”, - deyə şura sədri bildirib.

AZƏRTAC

JURNALLAR
Faydalı linklər