Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənclərlə görüş keçirilib.
Dek 29, 2022 | 11:03 / Görüşlər
Oxunub 2100 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev  bu emi müəssisədə  çalışan  gənclərlə, o cümlədən magistratura, doktoranturada təhsili alan gənclərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan  akademik gənclərlə görüşdən məmnun olduğunu bildirib. O deyib ki, müasir dövrdə yüksək intellektli gəncliyin formalaşması hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir. Akademik qeyd edib ki, bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir.

Akademik bildirib ki, son zamanlar gənclərin elm sahəsinə marağının artması təqdirəlayiqdir. Bunun da başlıca səbəbi gənclərin elmə cəlb olunması üçün müxtəlif həvəsləndirmə tədbirlərinin görülməsidir. Bu işdə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası fəallıq göstərir. Onun sözlərinə görə, bundan sonra da gənc alimlərə fəaliyyət üçün daha yeni imkanlar yaradılacaq. Dilqəm Tağıyev  sözügedən müəssisədə təhsilini davam etdirmək istəyən gənclər üçün hər cür şərait yaradılacağını vurğulayıb və sabiq mağistrlərə təhsillərini doktoranturada davam etdirmək, dünya elminə inteqrasiya etmək, müasir dövrdə elmi biliklərə yiyələnmək  üçün xarici dilləri yaxşı mənimsəməyi, müxtəlif yerli və beynəlxalq qrant müsabiqələrində aktiv iştirak etməyi  tövsiyə etdi.

Növbəti ildə nəzərdə tutulan tədbirlərdən danışan akademik qeyd edib ki,  2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasında 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi barəsində cənab prezidentin sərəncamı vardır. Bununla əlaqədar İnstitutda bir sıra tədbirlərin, o cümlədən gənclər arasında müsabiqənin və gənc alimlərin elmi konfransının keçirilməsi nəzərdə tutulur.

Daha sonra akademik D.Tağıyev görüşdə iştirak edən gənc mütəxəssisləri dinləyib, suallarını cavablandırıb, onların akademik fəaliyyətləri ilə yaxından tanış olub. İclasda səslənən bir sıra təkliflərin nəzərə alınacağı vurğulanıb. Akademik Dilqəm Tağıyev gənclərə tövsiyələrini vermiş, onları bu çətin, amma şərəfli elm yolunda daha da təşəbbüskar, əzmli olmağa çağırmışdır.

Sonda akademik gəncləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə yəbrik edib, onlara işlərində uğurlar arzulayıb. 

JURNALLAR
Faydalı linklər