Xəbərlər
AMEA-da “Horizon Avropa” Proqramının nümayəndələri ilə görüş keçirilib
Dek 15, 2022 | 10:17 / Konfranslar, iclaslar
Oxunub 1811 dəfə

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş Direktorluğunun Horizon Avropa Assosiasiyası bölməsinin rəhbəri Ruta Zarnauskaite və Avropa Qonşuluq Siyasəti ölkələri üzrə Qrup rəhbəri Silvia Bojinova ilə görüşüb.

Ölkə başçısı İlham Əliyev tərəfindən Avropa İttifaqı ilə əlaqələrə böyük önəm verildiyini vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, bu gün Azərbaycan ikitərəfli qaydada və beynəlxalq müstəvidə Avropa ölkələri ilə əməkdaşlıq edir.

Akademiya rəhbəri əvvəlcə AMEA-nın yaranma tarixi, əldə etdiyi nailiyyətlər, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının Fərmanından irəli gələrək Akademiyada aparılan islahatlar haqqında qonaqlara məlumat verib.

Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramının elm adamları üçün təqdim etdiyi geniş imkanları vurğulayan akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin bu proqramda zəif iştirakının bir sıra obyektiv və subyektiv səbəbləri olduğunu bildirib. Qeyd edib ki, Horizon proqramlarında azərbaycanlı alimlərin iştirak etidyi layihələrin yarısı AMEA-nın payına düşür. Ölkə üzrə bu göstəricinin qənaətbəxş olmadığını deyən AMEA rəhbəri “Horizon Avropa” Proqramında Azərbaycanın elm xadimlərinin geniş iştirak etmək istədiyini, lakin proqramın şərtlərinin mürəkkəb, sənədləşmə işlərinin isə həddindən artıq çox olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Şərq Tərəfdaşlığı ölkələri üçün şərtlərin sadələşdirilməsinin vacibliyinə toxunub və bu addımın Avropa İttifaqına inteqrasiyaya töhfə verəcəyini söyləyib.

AMEA rəhbəri, həmçinin “Horizon Avropa” Proqramında humanitar problemlərin – unudulmuş rəqslərin bərpası, etnoqrafiya materiallarının öyrənilməsi, folklor, memarlıq əsərləri və s. istiqamətdə layihələrin az olduğunu deyib və genişləndirilməsinin zəruriliyini vurğulayıb. Akademik İsa Həbibbəyli bu cür görüşün ilk dəfə keçirildiyini və xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Sonra çıxış edən Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş Direktorluğunun Horizon Avropa Assosiasiyası bölməsinin rəhbəri Ruta Zarnauskaite “Horizon Avropa” Proqramı və yaratdığı maliyyə imkanlarından danışıb. Qeyd edib ki, proqramın yaratdığı imkanlardan geniş istifadə etmək üçün ölkə üzrə assosiativ üzvlüklə bağlı müqavilə imzalanması faydalı olar. Bildirib ki, assosiativ üzvlük ölkələrə layihələrdə geniş imkanlar açır və tədqiqat layihələrini qazanmaq şansını artırır. Ruta Zarnauskaite qeyd edib ki, Azərbaycan alimləri bu Proqramda daha fəal iştirak üçün yüksək potensiala malikdirlər və Avropa Komissiyası ekspertləri tərəfindən Proqramla əlaqəli məlumatlandırıcı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda qonaqlara Bakının təsviri olan xatirə hədiyyəsi təqdim edilib və onlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.

Görüşdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, Azərbaycanın Belçikadakı səfirliyinin ikinci katibi Rəşad Ağazadə, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva da iştirak ediblər.

JURNALLAR
Faydalı linklər