Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şuşa ili”nə həsr olunmuş müsabiqənin nəticələri məlum oldu.
Dek 09, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2650 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında  gənc alim və mütəxəssislər  üçün “Şuşa ili”nə həsr edilən müsabiqənin nəticələri elan olundu. Tədbiri İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev giriş sözü ilə açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan edilmişdir. Sərəncamda geyd olunduğu kimi Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkan olmaqla  hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış, yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. “Şuşa İli” elan edilməsi Şuşanın tarixi keçmişi, bu günü və gələcəyi ilə əlaqəli  kompleks tədbirlərin həyata keçirilməsi üçün böyük əhəmiyyətə  malikdir. Akademik  torpaqlarımızı  bizə qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə bir ömür borclu olduğumuzu vurğuladı və bildirdi ki,  Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın əsl tarixi siması artıq bərpa olunur,  şəhər  sürətlə dirçələrək əvvəlki həyatına qayıdır. Sərəncamdan irəli gələrək “Şuşa ili” ölkəmizdə böyük təntənə ilə silsilə tədbirlər şəklində qeyd edilmişdir.

Baş direktor qeyd etdi ki, “Şuşa ili” ilə əlaqədar  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənc alim və mütəxəssislər üçün müsabiqə elan olunmuşdur. İnstitut rəhbərliyinin 03 oktyabr 2022-ci il tarixli 288 saylı əmrinə əsasən xüsusi komissiya yaradılmış və müsabiqədə 29 yaşa kimi olan gənc alim və mütəxəssislər iştirak etmişdir. Komissiyanın tərkibini institutun “Koordinasiya birləşmələri” şöbəsinin müdiri akademik Əjdər Məcidov (Sədr), “Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev, Azad Həmkarlar İttifaqının sədri professor Arif Əfəndi, "Elmi informasiya və patent tədqiqatları" şöbəsinin  müdiri k.e.n. Esmira Qulu-zadə, Gənc alim və mütəxəssislər şurasının sədri k.ü.f.d Elmir Babayev təşkil etmişdir. Müsabiqə komissiyası tərəfindən gənclərin elmi, elmi-təşkilati və ictimai fəaliyyətindəki göstəriciləri və nailiyyətlərinin  qiymətləndirilməsi həyata keçirilmidir. Müsbiqənin keçirilmə şərtlərinə və komissiyanın hesablamalarına əsasən 10 saylı laboratoriyanın elmi işçisi k.ü.f.d Elnur Oruclu və 1 saylı laboratoriyanın elmi işçisi Günel Əzimova daha yüksək nəticələr göstərmiş və qalib olmuşdurlar.

Sonra akademik Dilqəm Tağıyev tərəfindən müsabiqənin qalibləri diplomla təltif olundu və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Akademik qalibləri təbrik edərək onlara gələcək elmi-tədqiqat işlərində uğurlar arzuladı.

Sonda akademik qeyd etdi ki, İnstitutda gənclərin elmi fəaliyyətlərini stimullaşdırmaq məqsədilə belə müsabiqələr mütəmadi olaraq keçirilir. Baş direktor bildirdi ki, növbəti ildə Ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar olaraq ölkə başçısının sərəncamı ilə  2023-cü il  “Heydər Əliyev İli” elan edilmişdir.  Bu münasibətlə İnstitutda bir sıra tədbirlərin, o cümlədən  gənclər aprasında müsabiqənin keçirilməsi nəzərdə tutulur.

JURNALLAR
Faydalı linklər